Federal Ehtiyat Sistemi qiymət sabitliyinin təmin olunmasına sadiq qaldığını bir daha bəyan edib və uzunmüddətli inflyasiya gözləntilərinin nəzarətdə saxlanılması üçün zəruri hallarda qətiyyətli addımlar atmağa hazır olduğunu açıqlayıb.
Mərkəzi bankın mövqeyi dünən dərc edilən növbəti pul-kredit siyasəti hesabatında əks olunub. Sözügedən sənəd ildə iki dəfə ABŞ Senatının Bank işi, Mənzil tikintisi və Şəhər məsələləri Komitəsinə, eləcə də Nümayəndələr Palatasının Maliyyə Xidmətləri Komitəsinə təqdim edilir. Gələn həftə FRS-in yeni sədri Kevin Uorş hər iki komitədə hesabatla çıxış edəcək.
Hesabat inflyasiya dinamikasının pul-kredit siyasətinin əsas istiqamətlərini müəyyən etdiyi bir dövrdə açıqlanıb. Yaxın Şərqdə baş verən münaqişə nəticəsində neft qiymətlərinin kəskin bahalaşması mart, aprel və may aylarında ABŞ-da inflyasiya təzyiqini artırmışdı.
Lakin iyunun sonunda ABŞ və İran arasında müvəqqəti atəşkəs razılaşmasının əldə olunmasından sonra neft qiymətləri müharibədən əvvəlki səviyyələrə yaxınlaşdı və inflyasiya ilə bağlı narahatlıqlar zəiflədi. Bununla belə, bu həftə regionda gərginliyin yenidən artması fonunda qiymət artımı ilə bağlı risklər də yenidən gündəmə gəlib.
FED bildirib ki, qiymət artımına təsir edən əsas amillər sırasında idxal mallarına tətbiq olunan tariflərin daxili bazarda qiymətləri yüksəltməsi, Yaxın Şərqdəki münaqişə səbəbindən enerji daşıyıcılarının bahalaşması, eləcə də süni intellekt texnologiyalarında istifadə olunan yüksək texnoloji məhsullara artan tələbat yer alır.
Mərkəzi bankın məlumatına görə, qısamüddətli inflyasiya gözləntiləri ilin əvvəlində enerji qiymətlərinin yüksəlməsi fonunda artsa da, uzunmüddətli inflyasiya gözləntiləri əsasən pandemiyadan əvvəlki dövrdə müşahidə olunan diapazonda qalır və Federal Açıq Bazar Komitəsinin (FOMC) 2%-lik uzunmüddətli hədəfi ilə uyğunluq təşkil edir.
Analitiklər hesab edirlər ki, gələn həftə açıqlanacaq istehlak və istehsal qiymətləri üzrə göstəricilər inflyasiya təzyiqinin əsasən may ayında pik həddə çatdığını, iyun ayında isə zəifləmə meylinin formalaşdığını göstərəcək.
FED vurğulayıb ki, qiymət sabitliyi sağlam və dayanıqlı iqtisadi inkişafın əsas şərtlərindən biridir və bütün amerikalıların rifahına xidmət edir. Qurum bir daha təsdiqləyib ki, şəxsi istehlak xərcləri indeksi (PCE) üzrə 2%-lik uzunmüddətli inflyasiya hədəfi mandatın yerinə yetirilməsi üçün optimal göstərici hesab olunur.
"Komitə uzunmüddətli inflyasiya gözləntilərinin etibarlı şəkildə sabit qalmasını təmin etmək üçün qətiyyətlə hərəkət etməyə hazırdır", — deyə hesabatda bildirilir.
FED həmçinin qeyd edib ki, inflyasiyanın alternativ göstəricilərindən biri olan Dallas Federal Ehtiyat Bankının "trimmed mean PCE" indeksi may ayında illik ifadədə faktiki olaraq azalma nümayiş etdirib. FRS sədri Kevin Uorş daha əvvəl bildirmişdi ki, qiymət təzyiqlərinin daha dəqiq qiymətləndirilməsi üçün istifadə olunan inflyasiya indikatorlarının dairəsinin genişləndirilməsi vacibdir. Bu məqsədlə mərkəzi bankın fəaliyyətinin müxtəlif istiqamətlərini qiymətləndirəcək beş işçi qrupu yaradılıb ki, onlardan biri inflyasiya hədəflənməsi siyasətinin təhlili ilə məşğul olacaq.
Bununla yanaşı, FED-in 16–17 iyun tarixli iclasının bu həftə dərc olunan protokolları göstərib ki, siyasətçilər arasında faiz dərəcələrinin gələcək trayektoriyası ilə bağlı vahid mövqe hələ də formalaşmayıb.
MONETAR.AZ