Dollar qızılı uzunmüddətli perspektivdə üstələyə bilməyəcək

Dollar qızılı uzunmüddətli perspektivdə

Qızılın qiyməti 2026-cı ilin əvvəlində tarixi maksimuma çatdıqdan sonra ucuzlaşsa da, analitiklər bu azalmanın müvəqqəti olduğunu bildirirlər.

Moneymatika.ru xidmətinin baş direktoru Maksim Molderfin sözlərinə görə, hazırkı ucuzlaşma əsasən ABŞ dollarının müvəqqəti möhkəmlənməsi və ABŞ Federal Ehtiyat Sisteminin faiz siyasəti ilə bağlı gözləntilərlə əlaqədardır.

Ekspert hesab edir ki, qızılın qiymətini dəstəkləyən fundamental amillər qüvvədə qalır. Onun fikrincə, son illərdə dünya ölkələrinin valyuta ehtiyatlarının strukturunda baş verən dəyişikliklər qızıla marağı artırıb.

Molderf qeyd edib ki, 2022-ci ildə Rusiyanın aktivlərinin dondurulmasından sonra bir çox dövlət ehtiyatlarının idarə olunması strategiyasını yenidən nəzərdən keçirib. Nəticədə qızıl sanksiyalardan və xarici maliyyə sistemlərindən daha az asılı etibarlı ehtiyat aktiv kimi qiymətləndirilməyə başlayıb.

Analitikin sözlərinə görə, Dünya Qızıl Şurasının sorğusu da bu tendensiyanı təsdiqləyir. Sorğuda iştirak edən mərkəzi bankların 45 faizi 2026-cı ildə qızıl ehtiyatlarını artırmağı planlaşdırdıqlarını bildirib. Respondentlərin 74 faizi isə yaxın beş il ərzində ABŞ dollarının beynəlxalq ehtiyatlardakı payının azalacağını gözləyir.

Bildirilib ki, son dörd ildə dünya mərkəzi bankları hər il orta hesabla 1 000 ton qızıl alıblar ki, bu da əvvəlki onilliklə müqayisədə təxminən iki dəfə çoxdur. Təkcə 2026-cı ilin birinci rübündə rəsmi qızıl alışları 244 tona çatıb. Bu prosesdə xüsusilə Çin fəallığı ilə seçilir və ölkənin qızıl ehtiyatları 2 332 tona yüksəlib.

Molderf vurğulayıb ki, iri beynəlxalq investisiya bankları da qızıl üzrə uzunmüddətli nikbin mövqelərini qoruyurlar. Onun sözlərinə görə, J.P. Morgan 2026-cı ilin sonuna qədər qızılın bir unsiyasının qiymətinin təxminən 6000 ABŞ dollarına çatacağını proqnozlaşdırır. UBS isə qiymətin 5000–6200 dollar aralığında olacağını gözləyir.

Ekspertin fikrincə, institusional investorlar və mərkəzi banklar qızıl ehtiyatlarını artırmağa davam etdikcə, bu qiymətli metalın uzunmüddətli yüksəliş dövrünün başa çatdığını söyləmək hələ tezdir.

MONETAR.AZ