Rumıniya Milli Bankı növbəti pul-kredit siyasəti iclasında əsas faiz dərəcəsini (uçot dərəcəsini) 6,50 faiz səviyyəsində dəyişməz saxlayıb. Bununla yanaşı, kredit əməliyyatları üzrə faiz dərəcəsi 7,50 faiz, depozit əməliyyatları üzrə faiz dərəcəsi isə 5,50 faiz səviyyəsində qorunub.
Mərkəzi bankın qərarına əsasən, kredit təşkilatlarının həm milli valyuta – ley, həm də xarici valyutada cəlb etdikləri vəsaitlər üzrə məcburi ehtiyat normalarında da dəyişiklik edilməyib.
Rumıniyada inflyasiya təzyiqləri isə yüksək olaraq qalır. Təbii qaz və yanacaq qiymətlərinin bahalaşması, tənzimlənən tariflərin artırılması, eləcə də dövlət mənzil fonduna aid yaşayış sahələrinin kirayə haqlarının yüksəlməsi nəticəsində illik inflyasiya 2026-cı ilin mart ayında qeydə alınan 9,87 faizdən may ayında 10,85 faizə yüksəlib.
Eyni dövrdə baza inflyasiyasını əks etdirən CORE2 göstəricisi 8,2 faizdən 8,5 faizə, harmonizasiya olunmuş istehlak qiymətləri indeksi (HICP) isə 9,0 faizdən 9,7 faizə yüksəlib.
İqtisadi fəallıqda isə zəifləmə müşahidə olunur. 2025-ci ilin dördüncü rübündə iqtisadiyyat 0,2 faiz artdığı halda, 2026-cı ilin birinci rübündə ÜDM ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz azalıb.
Mərkəzi bankın qiymətləndirməsinə görə, ilin ilk üç ayında ev təsərrüfatlarının istehlak xərcləri daha sürətlə azalıb, əsas kapitala investisiyaların artım tempi isə zəifləyib. Bununla belə, tənzimləyici qurum ikinci rübdə iqtisadi fəallığın əvvəlki rüblə müqayisədə cüzi bərpa olunacağını gözləyir.
Özəl sektorun kreditləşdirilməsi isə artımını davam etdirib. Bu sahədə illik artım tempi mart ayında 7,1 faizdən may ayında 7,7 faizə yüksəlib. Bununla yanaşı, kredit portfelində milli valyutada verilən kreditlərin payı 67,8 faizdən 66,9 faizə enib.
Rumıniya Milli Bankı iyun ayında inflyasiyanın cüzi zəifləyəcəyini, daha sonra isə 2026-cı ilin üçüncü rübündə daha nəzərəçarpacaq enişin baş verəcəyini proqnozlaşdırır.
Qurumun pul-kredit siyasətinə həsr olunmuş növbəti iclası 10 avqust 2026-cı il tarixində keçiriləcək. Cari iclasın protokolu isə 20 iyul 2026-cı il saat 18:00-da Rumıniya Milli Bankının rəsmi internet səhifəsində dərc olunacaq.
MONETAR.AZ