Qlobal miqyasda istilik dalğalarının intensivliyi son illərdə rekord səviyyələrə yüksəlib. NASA-nın məlumatına görə, Yer kürəsinin misli görünməmiş sürətlə istiləşdiyinə dair “şübhəsiz sübutlar” mövcuddur. Avropa Kosmik Agentliyinin (ESA) Copernicus proqramının göstəricilərinə əsasən, 2024-cü il iyulun 22-si 1940-cı ildən bəri qeydə alınan ən yüksək qlobal orta gündəlik temperatur kimi tarixə düşüb – 17,16°C.
Son illərdə bir çox ölkə rekord istiliklə üzləşib. 2022–2025-ci illər arasında 41 ölkə öz tarixi maksimum temperatur göstəricisini ya yeniləyib, ya da təkrarlayıb.
Məlumata görə, Yaponiya 2025-ci ilin avqustunda Gunma prefekturasının İsesaqi şəhərində 41,8°C temperaturla ən yüksək göstəricisini qeydə alıb. Eyni dövrdə Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Paraqvay da rekord istiliklə üzləşən ölkələr arasında yer alıb.
2024-cü ildə Cənub-Şərqi Asiyada baş verən güclü istilik dalğası nəticəsində Kamboca 42,8°C, Laos isə 43,7°C temperaturla yeni rekord müəyyən edib.
2022-ci ildə Avstraliya və Uruqvay da öz milli temperatur rekordlarını təkrarlayıb. Birləşmiş Krallıqda isə həmin il ilk dəfə temperatur 40°C həddini keçib.
Əvvəlki illərdə də oxşar rekordlar qeydə alınıb. 2021-ci ildə İtaliya, İspaniya və Kanada yüksək temperatur göstəriciləri ilə diqqət çəkib. 2019-cu ildə isə Fransada 46°C temperatur ölçülüb ki, bu göstərici Avropada indiyədək qeydə alınmış ən yüksək temperatur kimi qiymətləndirilir.
ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) Tədqiqat Mərkəzinin məlumatına görə, 2026-cı ilin aprel ayında Yer kürəsinin təxminən 7 faizində orta aylıq temperatur rekord səviyyəyə yüksəlib. Bu, həmin ərazilərdə indiyədək qeydə alınmış ən yüksək aprel temperaturu kimi qiymətləndirilir.
Məlumata əsasən, son üç ildə temperatur rekordlarının ən yüksək göstəricisi 2024-cü ilin may ayında qeydə alınıb. Həmin dövrdə Yer səthinin təxminən 15 faizi yeni istilik rekordu ilə üzləşib. 2024-cü ilin iyul ayında isə bu göstərici 14 faizə yaxın olub.
Eyni dövrdə soyuq hava rekordları xeyli az müşahidə edilib. Statistikaya görə, 2024-cü ilin yanvar ayında Yer səthinin cəmi 0,9 faizi ən aşağı temperatur rekordlarını yeniləyib.
Uzunmüddətli müqayisələr göstərir ki, 1950–1970-ci illərdə soyuq rekordlar daha çox qeydə alınırdısa, son onilliklərdə vəziyyət tam əksinə dəyişib və istilik rekordları üstünlük təşkil etməyə başlayıb.
Mütəxəssislər bildirirlər ki, bu tendensiya qlobal iqlim dəyişikliklərinin davam etdiyini və temperatur ekstremallarının artdığını göstərən mühüm göstəricilərdən biridir.
MONETAR.AZ