Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Ermənistanın balıq istehsalı və emalı müəssisələrində keçirdiyi yoxlamaların nəticələrini qeyri-qənaətbəxş hesab edib. Qurumun rəsmi tələbinə əsasən, 2 iyun 2026-cı il tarixlərindən etibarən Ermənistandan Rusiyaya ixrac edilən canlı balıq və balıq məhsullarının baytarlıq sertifikatlaşdırılması müvəqqəti olaraq dayandırılır.
“Rosselxoznadzor”un yaydığı məlumata görə, cari ilin 21–27 may tarixlərində Ermənistanda fəaliyyət göstərən balıq emalı müəssisələrində, o cümlədən ixrac potensialı yüksək olan alabalıq (forel) yetişdirilməsi təsərrüfatlarında genişmiqyaslı təftiş planlaşdırılsa da, erməni şirkətləri qapılarını rusiyalı inspektorların üzünə bağlayıblar.
Yoxlanılması nəzərdə tutulan müəssisələrin yarısı müxtəlif bəhanələrlə qəfil inspeksiyadan imtina edib. Bütün ölkə üzrə yalnız iki müəssisə yoxlamadan uğurla keçib. Həmin iki müəssisənin məhsullarının Rusiyaya idxalına icazə verilsə də, bu proses reallaşarkən sərhəddə xüsusi laborator nəzarət şərti (təhlükəsizlik göstəricilərinin təkrar yoxlanılması) tətbiq olunacaq.
"2 iyun 2026-cı il tarixdən etibarən Ermənistanın müvafiq dövlət qurumu, yoxlamadan keçmiş iki müəssisə istisna olmaqla, Rusiya Federasiyasına göndərilən bütün növ canlı balıq və balıq məhsullarının baytarlıq sertifikatlaşdırmasını dərhal dondurmalıdır. Mövcud sanitar və texniki problemlər tam tənzimlənənədək bu sərt rejim qüvvədə qalacaq".
Balıq məhsullarına qoyulan qadağa müstəqil hadisə deyil və son iki həftə ərzində Rusiyanın Ermənistan iqtisadiyyatına (xüsusilə aqrar və qida sektoruna) qarşı tətbiq etdiyi genişmiqyaslı məhdudiyyətlər zəncirinin növbəti halqasıdır.
Analitiklər qeyd edirlər ki, "Rosselxoznadzor"un bu kəskin və ardıcıl sanitar qərarları adətən Rusiya ilə Ermənistan arasında son dövrlər müşahidə olunan siyasi gərginliklərin və İrəvanın xarici siyasət kursunu dəyişmək cəhdlərinin iqtisadi cavab reaksiyası (təzyiq rıçaqı) kimi çıxış edir.