Mərkəzi Bank yeni pul nişanlarının çapını 36 dəfə artırıb 

Mərkəzi Bank yeni pul nişanlarının çapını

Azərbaycan Mərkəzi Bankının (AMB) çap şirkətlərindən təhvil aldığı yeni kağız və metal pul nişanlarının həcmində kəskin artım qeydə alınıb.

2025-ci ildə AMB ümumi dəyəri 3 milyard 226,808 milyon manat olan yeni kağız və metal pul nişanları təhvil alıb. Sənədə əsasən, bu göstərici 2024-cü il ilə müqayisədə 36 dəfə çoxdur. Yeni pulların çapının kəskin artması fonunda bazardakı nağd pulun həcmində də ciddi dəyişiklik baş verib. Hesabat dövründə ölkədə dövriyyədə olan kağız və metal pul kütləsinin ümumi dəyəri 2 milyard 114,336 milyon manat artıb.

Mərkəzi Bankın birdən-birə bu qədər böyük həcmdə pul nişanı təhvil alması cəmiyyətdə "əsassız pul çapı" və ya inflyasiya qorxusu yaratsa da, prosesin arxasında tamamilə fərqli iqtisadi zərurətlər dayanır.

Dövriyyədə olan kağız pullar zamanla fiziki olaraq köhnəlir, cırılır və yararsız hala düşür. AMB hər il tonlarla köhnə pulu dövriyyədən çıxarır. Təhvil alınan 3 milyard manatlıq yeni pulun böyük hissəsi məhz həmin yararsız pulların yerini doldurmaq (yeniləmək) üçün nəzərdə tutulub.

Dövriyyədəki pul kütləsinin 2,1 milyard manat artması ölkədə iqtisadi aktivliyin yüksəldiyini, maaşların, müavinətlərin və ümumi ticarət dövriyyəsinin böyüdüyünü göstərir. Genişlənən iqtisadiyyatı təmin etmək üçün bazara daha çox nağd pul buraxılmalıdır.

MONETAR.AZ