Windows-un zəifləməsinin əsas səbəbləri açıqlanıb

Windows-un zəifləməsinin

XDA-Developers texnologiya nəşrinin redaktoru Kazim Alvi Windows əməliyyat sisteminin sürətini artırmaq və kompüterlərin yavaşlamasının qarşısını almaq üçün effektiv üsulları paylaşıb. Mütəxəssis xüsusilə vurğulayıb ki, internetdə Microsoft-un sistemini "sürətləndirdiyini" iddia edən müxtəlif üçüncü tərəf PC optimallaşdırma proqramları (cleaner tools) əksər hallarda tamamilə faydasızdır. Onun sözlərinə görə, istifadəçilər bu növ proqramlara həddindən artıq ümid bəsləsələr də, Windows-un yavaşlamasına səbəb olan real, funksional problemləri nəzərdən qaçırırlar.

Kazim Alvinin fikrincə, Windows-un daxili alətlərindən istifadə etməklə kompüteri daha yaxşı və təhlükəsiz şəkildə sürətləndirmək mümkündür:

Kompüterin yavaş işləməsinin əsas səbəblərindən biri sistem açılan zaman avtomatik işə düşən proqramların çox olmasıdır. Bu tətbiqlər istifadə olunmasa belə, fonda işləyərək prosessor (CPU) və operativ yaddaş (RAM) resurslarından istifadə edir. Nəticədə cihazın açılma müddəti uzanır, proqramların işləmə sürəti azalır və ümumi performans zəifləyir. Problemi aradan qaldırmaq üçün "Task Manager" (Tapşırıq meneceri) vasitəsilə "Startup apps" (Başlanğıc tətbiqləri) bölməsinə daxil olaraq vacib olmayan proqramları deaktiv etmək tövsiyə edilir.

Performansa təsir göstərən digər amil fonda işləyən tətbiqlərdir. Bir çox proqram istifadəçi tərəfindən açılmadığı halda belə yenilənmələri yoxlayır, bildirişlər göndərir və müxtəlif prosesləri icra edir. Bu isə sistem resurslarının və enerji sərfiyyatının artmasına səbəb olur. Lazımsız tətbiqlərin fonda işləməsinin qarşısını almaq üçün "Settings" (Parametrlər) → "Apps" (Tətbiqlər) → "Installed apps" (Quraşdırılmış tətbiqlər) bölməsinə daxil olaraq müvafiq proqramın "Advanced options" (Qabaqcıl seçimlər) hissəsində fonda işləmə icazəsini "Never" (Heç vaxt) olaraq təyin etmək mümkündür.

Diskdə boş yerin az olması da kompüterin sürətini əhəmiyyətli dərəcədə azaldır. HDD və SSD yaddaş qurğularında boş sahə kritik səviyyəyə düşdükdə məlumatların oxunması və yazılması prosesi ləngiyir. Sistem performansının qorunması üçün diskdə ən azı 15–20 faiz boş yer saxlanılması tövsiyə olunur. Bu məqsədlə istifadəçilər mütəmadi olaraq cihazlarında quraşdırılmış proqramları nəzərdən keçirməli, istifadə etmədikləri tətbiqləri və lazımsız faylları silməlidirlər.

Kompüterin işinə təsir edən digər amillərdən biri də əməliyyat sisteminə inteqrasiya edilmiş əlavə xidmətlərdir. Məsələn, Microsoft Copilot süni intellekt köməkçisi və OneDrive bulud yaddaşı xidməti bəzi hallarda fonda işləyərək əlavə sistem resursları tələb edir. Bu xidmətlərdən aktiv istifadə edilmədiyi təqdirdə onların söndürülməsi prosessor və yaddaş yükünü azaldaraq cihazın daha sürətli və stabil işləməsinə kömək edə bilər.

May ayının sonunda texnologiya dünyasında sürətlə yayılan "yeni əməliyyat sistemi" şayiələrinə rəsmi cavab gəlib. Sosial şəbəkələrdə Microsoft və Nvidia-nın eyni vaxtda paylaşdığı "Kompüterlərdə yeni dövr başlayır" şüarı istifadəçilərdə Windows 12-nin təqdim olunacağı gözləntisini yaratmışdı.

Ancaq Microsoft-un Windows və Surface diviziyalarının rəhbəri Pavan Davuluri rəsmi açıqlama verərək yaxın dövrdə Windows 12-nin buraxılmayacağını qəti şəkildə bildirib: "Tərtibatçılar üçün tamamilə yeni bir şey gəlir. Və xeyr, bu, yeni bir əməliyyat sistemi (OS) versiyası deyil."

Şirkət rəsmiləri hazırda əsas diqqəti Windows 11-in performansını, File Explorer (Fayl bələdçisi) sabitliyini təkmilləşdirməyə və Nvidia-nın yeni Arm-əsaslı N1X prosessorları ilə işləyən yeni hardware (cihaz) infrastrukturuna yönəltdiklərini bəyan ediblər.

MONETAR.AZ