AMB-nin açıqladığı məlumata görə, 2026-cı il iyunun 1-nə qurumun valyuta ehtiyatlarının həcmi 12 milyard 712,4 milyon ABŞ dolları təşkil edib. Bu göstərici mayın 1-i ilə müqayisədə 2 faiz artım deməkdir.
Mərkəzi Bankın ehtiyatları ilin əvvəli ilə müqayisədə 10,4 faiz, son bir ildə isə 14,6 faiz artaraq ölkənin maliyyə dayanıqlığının daha da möhkəmləndiyini göstərib.
Qeyd edək ki, 12,7 milyard dollarlıq göstərici Azərbaycan Mərkəzi Bankının tarixində qeydə alınmış ən yüksək valyuta ehtiyatı səviyyələrindən biridir. Ehtiyatların artımı ölkənin xarici maliyyə mövqeyinin güclənməsinə, milli valyutanın sabitliyinin dəstəklənməsinə və potensial xarici şoklara qarşı dayanıqlığın yüksəlməsinə xidmət edir.
Sonuncu dəfə yüksək göstərici 2015-ci ilin yanvarında qeydə alınıb. Həmin dövrdə ehtiyatlar 12 milyard 680 milyon dollar olub. Sonrakı illərdə ehtiyatlar azalmağa başlayıb. Yalnız 2017-ci ilin əvvəlindən tədricən artıb. Amma 12 milyard dollarlıq göstərici 9 il sonra 2026-cı ilin aprelində aşılıb.
Valyuta ehtiyatlarının rekord səviyyəyə çatması ölkənin makroiqtisadi sabitliyi və investor etimadı baxımından mühüm göstəricilərdən hesab olunur. Son illərdə qeyri-neft ixracının genişlənməsi, enerji gəlirlərinin yüksək qalması və xarici ticarət balansında müsbət saldo ehtiyatların artımını dəstəkləyən əsas amillər sırasında göstərilir.
MONETAR.AZ