Avro təhlükəsiz sığınacaq valyutasına çevrilir

Avro təhlükəsiz sığınacaq valyutasına

Avropa Mərkəzi Bankının (AMB) dərc etdiyi son hesata görə, avro 2025-ci ildə və 2026-cı ilin əvvəlində qlobal maliyyə bazarlarında yaşanan bir sıra kəskin böhranlar zamanı investorlar üçün "təhlükəsiz sığınacaq" (safe-haven) funksiyasını yerinə yetirməyə başlayıb.

Bu fenomen avronun əvvəlki tarixi davranış modellərindən əhəmiyyətli dərəcədə fərqlənir. Maliyyə bazarlarında risklərdən qaçış (qorxu) dövrlərində avro artıq ənənəvi qoruyucu aktivlər hesab olunan İsveçrə frankı və Yapon ienası ilə eyni cərgədə möhkəmlənir.

Uzunmüddətli statistikaya nəzər saldıqda, avronun qoruyucu statusunun son dövrlərdə necə kəskin artdığını görmək mümkündür. 2006-cı ilin yanvarından 2026-cı ilin aprelinə qədər olan dövrdə qlobal risklərdən qaçış dalğaları zamanı avronun effektiv məzənnəsi cəmi 0,1% civarında cüzi artım nümayiş etdirirdi. Müqayisə üçün, eyni dövrlərdə İsveçrə frankı ortalama 0,7% bahalaşırdı.

 Avronun təhlükəsiz aktiv kimi davranışı xüsusilə 2 aprel 2025-ci ildə ABŞ tərəfindən yeni gömrük tariflərinin tətbiqindən sonra qabarıq büruzə verib. Qlobal bazarlarda yüksək volatillik (dalğalanma) yarandığı həmin günlərdə dollar zəifləyib, ABŞ xəzinə istiqrazlarının gəlirliliyi yüksəlib, avro isə əksinə, sürətlə dəyər qazanıb.

2025-ci il və 2026-cı ilin əvvəli boyunca Vaşinqton mərkəzli baş verən siyasi və iqtisadi gərginliklər fonunda investorlar kütləvi şəkildə avro aktivlərinə yönəliblər. ABŞ Ədliyyə Nazirliyinin Federal Ehtiyat Sisteminə (FED) rəsmi çağırış vərəqələri (sorğular) göndərdiyi dövrlərdə avro möhkəmlənib. Ağ Ev administrasiyasının Avropadan gələn idxal məhsullarına rüsumları artıracağı ilə bağlı təhdidləri zamanı da avro sabitliyini qoruyub və yüksəlib. Yaxın Şərqdə hərbi münaqişənin kəskinləşdiyi ilk günlərdə avro qısamüddətli geriləmə yaşasa da, geosiyasi gərginliyin qismən səngiməsi və ABŞ-Avrozonanın iqtisadi proqnozlarındakı fərqlər fonunda itkilərini sürətlə bərpa edib.

Maliyyə axınlarının coğrafiyasında baş verən dəyişikliklər AMB-nin hesabatında konkret rəqəmlərlə öz əksini tapıb. Nyu-York Federal Ehtiyat Bankında xarici rəsmi institutların saxladığı ABŞ xəzinə istiqrazlarının (Treasuries) həcmi 82 milyard dollar azalaraq 2,7 trilyon dollara düşüb (2026-cı ilin mart ayı göstəricisi). Bu, 2012-ci ildən bəri qeydə alınan ən minimum səviyyədir.

Eyni zamanda, investorların Avropa bazarına inamı rekord həddə çatıb. Almaniyanın dövlət istiqrazlarının (Bunds) gəlirliliyi 2025-ci ildə yüksəlib. Avrozonanın borc və səhm alətlərinə qoyulan xarici investisiyaların həcmi ilin sonuna doğru çoxillik maksimuma (rekord səviyyəyə) çatıb.

MONETAR.AZ