İqlim dəyişikliyi nəticəsində İslandiya artıq ağcaqanadsız ölkə deyil

İqlim dəyişikliyi nəticəsində İslandiya artıq ağcaqanadsız

İslandiya uzun illər dünyada ağcaqanadların olmadığı yeganə ölkə kimi tanınsa da, 2025-ci ilə qədər bu vəziyyət dəyişib. Elmi məlumatlara görə, iqlim dəyişikliyi səbəbindən ölkədə ağcaqanadlar meydana çıxıb.

Bu barədə məlumat Science jurnalında dərc olunan məqalədə yer alıb.

Alimlər əsas səbəb kimi qlobal istiləşməni göstərirlər. Arktika bölgəsi dünyanın digər hissələrinə nisbətən təxminən 4 dəfə daha sürətlə istiləşir. Bu isə qarın daha tez əriməsinə və yay mövsümünün uzanmasına səbəb olur. Nəticədə həşəratların çoxalması üçün daha əlverişli şərait yaranır.

Bundan əlavə, insan fəaliyyəti də prosesi sürətləndirib: turizm və gəmiçilik inkişaf etdikcə müxtəlif növlərin adaya daxil olması üçün yeni yollar açılıb.

Ağcaqanadların yaranması İslandiyada ekoloji tarazlığa da təsir göstərib. Quşlarda bala çıxma dövrü ilə həşəratların yaranma vaxtı arasında uyğunluq pozulub ki, bu da onların qidalanmasına mənfi təsir edir. Həmçinin həşəratların kütləvi artımı bitki örtüyünün zədələnməsinə və nəticədə əbədi donun (permafrost) daha sürətli əriməsinə gətirib çıxara bilər.

Tədqiqatçılar xəbərdarlıq edirlər ki, İslandiya Arktikada bioloji risklərin monitorinqi üçün vahid sistemin olmamasını göstərən bir “indikator”a çevrilib. Onların fikrincə, beynəlxalq əməkdaşlıq olmadan bu cür ekoloji dəyişikliklərin böhrana çevrilməsinin qarşısını almaq mümkün olmayacaq.

MONETAR.AZ