Mehriban Əliyeva Antalya Diplomatik Forumunun panelində iştirak edib

Mehriban Əliyeva Antalya Diplomatik Forumunun panelində

Aprelin 18-də Türkiyənin Antalya şəhərində keçirilən Antalya Diplomatik Forumu çərçivəsində “Fələstində sülh naminə birləşərək: təhsil sisteminin dağıdılmasına qarşı mübarizə və gələcəyin qorunması” mövzusunda panel iclası təşkil olunub. Tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva iştirak ediblər.

Əvvəlcə qonaqlar Afrika Mədəniyyət Evinin stendi ilə tanış olublar. Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə 2016-cı ildə yaradılmış bu qurumun əsas məqsədi afrikalı qadınların əl əməyini təşviq etmək, onların fəaliyyətini iqtisadi dəyərə çevirmək və mədəni həmrəyliyi gücləndirməkdir.

Türkiyənin birinci xanımı Əminə Ərdoğanın himayəsi ilə keçirilən tədbir Fələstinə həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb.

Tədbirdə çıxış edənlər müharibədən zərər çəkmiş uşaqlar üçün təhlükəsiz təhsil mühitinin bərpasının, dəstək mexanizmlərinin gücləndirilməsinin və təhsilin fasiləsizliyinin təmin edilməsinin regionun gələcəyi üçün strateji əhəmiyyət daşıdığını vurğulayıblar.

Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan çıxışında bildirib ki, tədbirdə səslənəcək mesajlar dünyanın müxtəlif bölgələrində müharibənin qurbanı olmuş uşaqlar üçün yeni həyat ümidinə çevriləcək. O, uşaqların və gənclərin hər bir xalqın ümidi və gələcəyi olduğunu qeyd edərək, zorakılığa səbəb olan ən kiçik amillərlə belə qətiyyətlə mübarizənin vacibliyini vurğulayıb.

Daha sonra xatirə şəkli çəkdirilib.

Tədbir iştirakçıları sonda Fələstində münaqişə nəticəsində təhsil sisteminin dağıdılmasını əks etdirən sərgiyə baxıblar.