Yeni Mercedes-Benz C-Class nəhəng ekranla təqdim olunacaq

Yeni Mercedes-Benz C-Class nəhəng ekranla

Mercedes-Benz yeni nəsil tam elektrik C-Class sedanının təqdimatına hazırlaşır. Premyeranın aprelin 20-də keçirilməsi planlaşdırılır. Təqdimat öncəsi şirkət modelin interyerinin görüntülərini paylaşıb və burada əsas diqqəti cəlb edən element nəhəng ekrandır.

Yeni modeldə MBUX Hyperscreen adlanan vahid, kəsintisiz displey sedanın ön panelinin demək olar ki, bütün hissəsini əhatə edir. Oxşar texnologiya daha əvvəl elektrik GLC modelində 39,1 düymlük ekranla tətbiq olunub, lakin EQS və S-Class modellərində şüşə panel bir neçə ayrı ekrana bölünmüş formada təqdim edilir.

Şirkət hələlik yeni C-Class elektrik sedanında Hyperscreen-in dəqiq ölçüsünü açıqlamayıb. Bununla belə, ekranın 10 milyon pikselə malik matris işıqlandırma ilə təchiz olunduğu bildirilib. Bu texnologiya rəqəmsal panelin müxtəlif zonalarında fərqli parlaqlıq səviyyəsi seçməyə imkan verir.

Daha sadə komplektasiyalarda isə üç ayrı ekrandan ibarət klassik konfiqurasiya qorunub saxlanacaq. Rəqəmsallaşmanın yüksək səviyyəsinə baxmayaraq, avtomobildə fiziki düymələr də mövcud olacaq. Onlar sükan üzərində və mərkəzi konsolda yerləşdirilib.

Mercedes-Benz bildirir ki, yeni elektrik sedan C-Class tarixində ən idman üslublu və ən komfortlu model olacaq. Avtomobil panoramik “ulduzlu səma” tavanı, innovativ iqlim nəzarəti sistemi və elektropnevmatik dörd mövqeli bel dəstəyi ilə təchiz olunmuş rahat oturacaqlar kimi xüsusiyyətlərlə seçiləcək.

   

MONETAR.AZ