Gələn il Azərbaycan Dəmir Yolları tərəfindən Ağdam–Xankəndi dəmir yolunun istifadəyə verilməsi planlaşdırılır.
Bu barədə qurumun sədr müavini Arif Ağayev məlumat verib.
Onun sözlərinə görə, 2025-ci ildə sərnişindaşıma şəbəkəsi əlavə olaraq genişləndirilib: ilin əvvəlində Bakı–Balakən–Bakı marşrutu bərpa olunub, iyunda Bakı–Qazax–Bakı xətti, avqustda isə Bakı–Ağdam–Bakı reysi istifadəyə verilib. Bundan əlavə, ilk dəfə Gəncə–Qəbələ–Gəncə xətti də fəaliyyətə başlayıb.
Ağayev bildirib ki, növbəti il həm Ağdam–Xankəndi dəmir yolu, həm də Xankəndidə dəmir yolu–avtovağzal kompleksi istifadəyə veriləcək.
Onun sözlərinə görə, görülən tədbirlər nəticəsində 2025-ci ildə Azərbaycan Dəmir Yolları rekord göstəriciyə nail olaraq 10 milyondan çox sərnişin daşıyıb. Bu isə xidmət keyfiyyətinin yüksəlməsi və sərnişin məmnunluğunun artması ilə izah olunur.