ABŞ Rusiyadan olan neft və neft məhsullarının satışı, daşınması və boşaldılması ilə bağlı əməliyyatlara icazəni uzadıb. Bu qərar 17 aprelə qədər tankerlərə yüklənmiş məhsullara şamil olunur.
Məlumat ABŞ Xəzinədarlıq Departamenti yanında fəaliyyət göstərən Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) açıqladığı ümumi lisenziyada yer alıb və bu barədə ТАSS xəbər verib.
Yeni lisenziya 16 may tarixinə qədər qüvvədə olacaq. Sənəd əvvəl mart ayında verilmiş oxşar lisenziyanı tam əvəz edir. Həmin sənədin müddəti 11 apreldə başa çatmışdı.
Qeyd edilir ki, bu qərar yalnız müəyyən şərtlər daxilində, xüsusilə 17 aprelədək yüklənmiş neft və neft məhsullarının əməliyyatlarına icazə verir.
Bundan əvvəl Kristalina Georgieva bildirib ki, İranda baş verən münaqişə fonunda qlobal enerji təchizatı ciddi risk altındadır və bu baxımdan aprel ayı martdan da çətin ola bilər. O, neft və qaz tədarükündəki pozuntuların nəticələrini “böyük narahatlıqla” izlədiyini qeyd edib.
MONETAR.AZ