İran 28 fevraldan bəri ilk dəfə olaraq öz hava məkanını qismən açıb və bəzi hava limanlarının fəaliyyətini bərpa edib. Bu barədə İranın Mülki Aviasiya İdarəsinə istinadən Tasnim agentliyi məlumat yayıb.
“İranın hava məkanının şərq hissəsindəki marşrutlar beynəlxalq uçuşlar üçün açılıb”, – deyə qurum bildirib.
Xatırladaq ki, 28 fevralda ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayaraq bir sıra şəhərlərə hava zərbələri endirmişdi. Həmin gün zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei öldürülmüşdü. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirmiş və Fars körfəzi ölkələrində yerləşən ABŞ hərbi bazalarına hücum etmişdi.
Məlumata görə, İran, ABŞ və onların müttəfiqləri 2026-cı il 8 aprel gecəsi iki həftəlik atəşkəs barədə razılığa gəliblər. 11–12 apreldə İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında keçirilən ilk danışıqlar raundu isə nəticəsiz başa çatıb.