Prezident: Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 faizdən artıqdır

Prezident: Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı

Azərbaycanda qeyri-neft-qaz sektorunun Ümumi Daxili Məhsulda (ÜDM) payı 70 %-dən artıqdır.

Bunu Prezident İlham Əliyev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində deyib.

Dövlət başçısı Azərbaycan iqtisadiyyatının sabit olduğunu diqqətə çatdırıb:

"Biz ölkə iqtisadiyyatına 350 milyard dollardan artıq birbaşa sərmayələri cəlb edə bildik. Bu sərmayələrin yarısı xarici mənbələrdən daxil edilib. Bu, son 20 il ərzində baş verib. Sərmayələrimiz, planlarımız davam edir. Sərmayədarlar bu gün daha çox sabit yerlərə nəzər salırlar".

Prezident qeyd edib ki, vaxt getdikcə ölkədə sabit məkanların sayı artır:

"Bu, indinin reallığıdır. Yaxşı sərmayə mühiti, sərmayələrin qorunması, müvafiq qanunvericilik, həyata keçirilmiş layihələr enerji və qeyri-enerji sektoruna sərmayələri cəlb etməyə imkan yaradır. Bu da bizim prioritetlərimizdən biridir. 16 il öncə İslam İnkişaf Bankı ilə bu barədə danışdıq. Bu gün vəziyyət dəyişir. Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70%-dən artıqdır. Bu, çox gözəl nailiyyətdir".