Rusiya Dövlət Duması kriptovalyuta bazarının hüquqi tənzimlənməsini nəzərdə tutan qanun layihəsini ikinci və üçüncü oxunuşda qəbul edib. Yeni qaydalar 2026-cı il sentyabrın 1-dən qüvvəyə minəcək, bazar iştirakçıları üçün keçid dövrü isə 2027-ci il iyulun 1-dək davam edəcək.
Qanuna əsasən, pərakəndə investorlar tənzimlənən bir vasitəçi üzərindən il ərzində 300 min rubla qədər ən yüksək likvidliyə malik kriptovalyutaları ala biləcəklər. Qeyri-peşəkar investorlar bazara yalnız xüsusi bilik testindən keçdikdən sonra buraxılacaq. Peşəkar (kvalifikasiyalı) investorlar üçün də test məcburi olsa da, onlar üzrə alış məbləği və aktiv seçimi ilə bağlı məhdudiyyət tətbiq edilməyəcək.
Yeni qanun Rusiyada ilk dəfə kriptovalyuta bazarı üçün tamhüquqlu tənzimləyici infrastruktur formalaşdırır. Sənədlə iki yeni lisenziyalı iştirakçı növü – kriptovalyuta mübadilə operatorları və rəqəmsal depozitarilər yaradılır. Eyni zamanda, brokerlər və aktivlərin idarəedilməsi şirkətlərinə də rəqəmsal aktivlərlə əməliyyat aparmaq hüququ verilir.
Pərakəndə investorların ticarət edə biləcəyi kriptovalyutalar üçün də ciddi meyarlar müəyyən edilib. Buraya bazar kapitallaşması 5 trilyon rubldan, orta gündəlik ticarət həcmi 1 trilyon rubldan çox olan və ən azı beş illik ticarət tarixinə malik aktivlər daxildir. Mövcud vəziyyətdə bu tələblərə yalnız Bitcoin və Efir (Ethereum) cavab verir. Xarici steyblkoinlər də hüquqi baxımdan kriptovalyutalarla eyni statusa malik olacaq və eyni qaydalara tabe tutulacaq.
Qanunun əsas yeniliklərindən biri kriptovalyutaların transsərhəd hesablaşmalarda istifadəsinə icazə verilməsidir. Yeni qaydalara əsasən, ixracatçılar və idxalçılar rəqəmsal aktivlər vasitəsilə həm lisenziyalı vasitəçilər, həm də müxtəlif elektron pul kisələri üzərindən beynəlxalq ödənişlər həyata keçirə biləcəklər. Bununla yanaşı, kriptovalyutaların Rusiya daxilində mal və xidmətlərə görə ödəniş vasitəsi kimi istifadəsinə qoyulan qadağa qüvvədə saxlanılır.
Qanun investorlara kriptovalyutaları Rusiya qanunvericiliyi əsasında buraxılmış qiymətli kağızlara və rəqəmsal maliyyə hüquqlarına çevirmək imkanı da yaradır. Bundan əlavə, Rəqəmsal Maliyyə Aktivlərinin emissiyası yalnız xüsusi informasiya sistemləri operatorlarının platformalarında deyil, həm də açıq blokçeyn şəbəkələrində mümkün olacaq.
Sənədə əsasən, xarici platformalarda kriptovalyuta əməliyyatları aparan Rusiya rezidentləri bunu yalnız xarici bank hesabları vasitəsilə həyata keçirə biləcəklər. Rusiyada əldə edilmiş kriptovalyutanın xaricə köçürülməsi isə yalnız lisenziyalı vasitəçilər üzərindən mümkün olacaq. Xaricdə saxlanılan rəqəmsal aktivlər barədə vergi orqanlarına müvafiq bəyannamə təqdim edilməsi də məcburi olacaq.
Qanun layihəsi 2026-cı ilin aprelində birinci oxunuşdan keçmişdi. Son redaksiyada sənədə "rəqəmsal depozitari" və "xarici rəqəmsal alət" anlayışları əlavə olunub, eyni zamanda fırıldaqçılıqla mübarizə mexanizmləri daha da sərtləşdirilib.
Yeni qaydalara əsasən, 2026-cı il sentyabrın 1-dən investor limitləri, kriptomübadilə operatorları və rəqəmsal depozitarilər üçün tələblər, eləcə də peşəkar investorların xarici steyblkoinlərə çıxışı qüvvəyə minəcək. Bazar iştirakçıları isə 2027-ci il iyulun 1-dək lisenziyalaşma prosesini tamamlayaraq fəaliyyətlərini yeni qanunvericiliyin tələblərinə uyğunlaşdırmalı olacaqlar.