Bakıda təcili tibbi yardım xidmətinin hadisələrə daha operativ müdaxiləsini təmin etmək məqsədilə yeni layihənin icrasına başlanılıb. Layihə çərçivəsində ilk dəfə olaraq təcili tibbi yardım xidmətində xüsusi təchizatlı motosikletlərdən istifadə olunacaq.
Dünyanın bir sıra ölkələrində uğurla tətbiq edilən bu model paytaxtda da təcili yardım briqadalarının hadisə yerinə çatma müddətini əhəmiyyətli dərəcədə azaltmağı hədəfləyir. Yeni sistemə əsasən, motosikletlə xidmət göstərən tibb işçisi ənənəvi təcili yardım avtomobilindən daha qısa müddətdə hadisə yerinə çataraq xəstəyə ilkin tibbi yardım göstərəcək, zərurət yarandıqda isə həyati vacib vəziyyətin stabilləşdirilməsi üçün təxirəsalınmaz müdaxilələr həyata keçirəcək.
Layihənin əsas məqsədi xüsusilə həyati təhlükə yaradan hallarda vaxt itkisini minimuma endirmək və xəstələrin ilkin tibbi yardım alma müddətini qısaltmaqdır.
Son illər Bakıda nəqliyyat sıxlığının artması fonunda motosikletlə təcili tibbi yardım xidmətinin daha səmərəli fəaliyyət göstərəcəyi gözlənilir. Motosikletlər sıx şəhər trafikində daha çevik hərəkət edə bildiyindən, çağırış ünvanlarına daha qısa müddətdə çatmaq imkanı yaradır.
Məlumata görə, xidmətə cəlb olunacaq motosikletlər avtomatik xarici defibrilyator, oksigen balonu, travma çantası, reanimasiya avadanlıqları və təcili tibbi yardım üçün zəruri dərman preparatları ilə təchiz ediləcək. Bu avadanlıqlar tibb işçilərinə hadisə yerində xəstənin vəziyyətinə operativ müdaxilə etmək və ambulans briqadası gələnədək zəruri tibbi dəstəyi göstərmək imkanı verəcək.