Bu gün saat 10:00-da dövlət qurumlarına məxsus 14 nəqliyyat vasitəsinin satışı üzrə hərrac keçiriləcək.
MONETAR.AZ xəbər verir ki, hərraca müxtəlif dövlət qurumlarının balansında olan minik avtomobilləri, mikroavtobus və yük-sərnişin təyinatlı nəqliyyat vasitələri çıxarılacaq.
Hərraca çıxarılan nəqliyyat vasitələri arasında Nissan Teana, Mitsubishi L300, Hyundai Equus, Volkswagen Passat, Land Rover Freelander, Chevrolet Niva, Nissan Maxima, Peugeot 406, UAZ 396259 və digər markalı avtomobillər yer alır.
Nəqliyyat vasitələrinin start qiyməti 720 manatdan 21 600 manatadək, hərracda iştirak üçün tələb olunan 10 faiz beh məbləği isə 72 manatdan 2 160 manatadək dəyişir.
Satışa çıxarılan avtomobillərdən ilk 10-u üçüncü dəfə 10 faiz endirimlə təkrar hərraca çıxarılır. Siyahının 11-ci sırasında olan Nissan Maxima dördüncü dəfə 25 faiz endirimlə satışa təqdim edilir. Son üç nəqliyyat vasitəsi isə əvvəlki hərracın nəticəsi ləğv edildiyindən ikinci dəfə təkrar hərraca çıxarılır.
Hərrac günü iştirakçıların qeydiyyatı saat 09:45-dək aparılacaq.