Gömrük hərracında 15 minə yaxın mal satışa çıxarılır

Gömrük hərracında 15 minə yaxın mal

Bu gün növbəti  gömrük hərracı keçiriləcək. Hərracda dövlət mülkiyyətinə keçirilmiş müxtəlif kateqoriyalara aid mallar satışa təqdim olunacaq.

Məlumata görə, hərrac saat 10:00-da Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20 ünvanında yerləşən Əmlak Xidmətləri Məkanında keçiriləcək.

Hərraca ümumilikdə 4 kateqoriya üzrə mallar çıxarılıb. Satış siyahısına avtomobil ehtiyat hissələri, geyim və tekstil məhsulları, elektronika, inşaat və məişət malları, təsərrüfat avadanlıqları, eləcə də tibbi ləvazimatlar daxildir.

Belə ki, hərraca çıxarılan mallar arasında 806 ədəd avtomobil ehtiyat hissəsi var. Bu kateqoriya üzrə start qiyməti 23 min 168 manat 60 qəpik, beh məbləği isə 1158 manat 43 qəpik müəyyən edilib.

Ən çox sayda məhsul geyim və tekstil kateqoriyasındadır. Bu bölmə üzrə 6913 ədəd məhsul satışa təqdim olunur. Malların ilkin qiyməti 65 min 947 manat 30 qəpik, 5 faiz beh məbləği isə 3297 manat 37 qəpikdir.

Elektronika, inşaat malları, məişət malları və təsərrüfat avadanlıqlarından ibarət 5652,7 ədəd məhsulun start qiyməti 7019 manat 56 qəpik təşkil edir. Bu kateqoriya üzrə beh məbləği 350 manat 98 qəpikdir.

Tibbi ləvazimatlar üzrə isə 996 ədəd məhsul hərraca çıxarılıb. Həmin malların ilkin satış qiyməti 14 min 890 manat 20 qəpik, beh məbləği isə 744 manat 51 qəpik müəyyən olunub.

Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər sifariş təqdim etməli, satışa çıxarılan əmlakın start qiymətinin 5 faizi həcmində beh və 0,5 faizi həcmində iştirak haqqı ödəməlidirlər.

MONETAR.AZ