Gömrük hərracında 5 avtomobil satışa çıxarılır

Gömrük hərracında

Bu gün  dövlət mülkiyyətinə keçirilmiş nəqliyyat vasitələrinin gömrük hərracı keçiriləcək.Hərrac saat 10:30-da Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20 ünvanında yerləşən Əmlak Xidmətləri Məkanında baş tutacaq.

Məlumata görə, hərraca müxtəlif markalı nəqliyyat vasitələri çıxarılıb. Satış siyahısında 2004-cü il istehsalı olan Mitsubishi Pajero markalı minik avtomobili, 2008-ci il istehsalı Iveco Euro ML 180E28 markalı yük avtomobili, 2003-cü il istehsalı Ford Transit markalı yük nəqliyyat vasitəsi, həmçinin 2010-cu il istehsalı DAF FT XF 105 markalı yəhərli dartıcı və 2008-ci il istehsalı Gnister Schmitz S01 markalı qoşqu yer alır.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin ümumi start qiyməti 39 min 100 manat müəyyən edilib. İştirakçılar üçün 5 faiz beh məbləği 1955 manat, iştirak haqqı isə 195 manat 50 qəpik təşkil edir.

Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər sifariş təqdim etməli, ilkin satış qiymətinin 5 faizi həcmində beh və 0,5 faizi həcmində iştirak haqqı ödəməlidirlər.

Satışa çıxarılan nəqliyyat vasitələri ilə əvvəlcədən tanış olmaq istəyən şəxslər hər həftənin cümə axşamı günləri saat 14:00-dan 17:00-dək “Azərterminalkompleks” Birliyinə müraciət edə bilərlər.

Sifarişlər Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20 ünvanında yerləşən Əmlak Xidmətləri Məkanında hərracın keçirilməsinə ən geci 3 iş günü qalanadək qəbul edilir.

MONETAR.AZ