Rusiyadan Hindistana rekord həcmdə neft tədarük olunur

 Rusiyadan Hindistana rekord həcmdə

Hindistan limanlarına Rusiyadan neft tədarükü rekord səviyyəyə çatıb. Bu barədə Bloomberg gəmi hərəkətlərinin izlənməsi məlumatlarına istinadən xəbər yayıb.

Məlumata görə, iyun ayında Hindistan limanlarında gündəlik 2,3 milyon bareldən çox Rusiya nefti boşaldılıb. İyul ayında da tədarük həcmləri bu səviyyəyə yaxın olaraq qalır.

Agentlik qeyd edir ki, 2022-ci ildən əvvəl Hindistanın Rusiya neftindən idxalı demək olar ki, sıfıra yaxın olub. Lakin son illərdə bu istiqamətdə kəskin artım müşahidə edilir.

Bildirilib ki, ABŞ sanksiyaları altında olan bəzi Rusiya neft istehsalçılarının ixracına baxmayaraq, alıcılar tədarükləri davam etdirirlər. Vasitəçi şirkətlərdən istifadə Rusiya neftinin beynəlxalq bazarlara çıxışını artırmağa imkan verib.

Bloomberg yazır ki, Hindistanın Rusiya neftinə marağının əsas səbəblərindən biri qiymətlərin aşağı düşməsidir. Rusiya neftinin qiyməti son 13 həftə ərzində ardıcıl azalıb və hazırda aprel ayındakı maksimum göstəricilərin yarısından bir qədər çoxdur.

Məlumata əsasən, iyulun 19-dək olan həftədə Rusiya 37 tanker vasitəsilə 27,73 milyon barel neft ixrac edib. Dörd həftəlik orta göstəriciyə görə isə Rusiya neftinin dəniz yolu ilə tədarükü sutkada təxminən 4,16 milyon barel təşkil edib.

Ekspertlər hesab edir ki, Yaxın Şərqdən neft tədarükündə yaranan qeyri-sabitlik də Hindistanın Rusiya neftinə yönəlməsini sürətləndirib.

Hazırda Rusiya neftinin dənizdəki həcminin təxminən 137 milyon barelə çatdığı bildirilir. Moskvanın neft ixracından əldə etdiyi həftəlik gəlirlər isə qiymətlərin azalmasına baxmayaraq, ötən ilin göstəricilərindən yüksək olaraq qalır.

MONETAR.AZ