Hörmüzdəki vəziyyət Brent neftini 120 dollara qaldıra bilər

Hörmüzdəki vəziyyət Brent neftini 120 dollara

Yaxın Şərqdə artan geosiyasi gərginlik qlobal enerji bazarlarında riskləri yüksəltməkdə davam edir. "Bloomberg" agentliyinin məlumatına görə, "Goldman Sachs" hesab edir ki, Hörmüz boğazında gəmiçilik fəaliyyətində ciddi kəsintilər davam edərsə, "Brent" markalı neftin qiyməti bu ilin dördüncü rübündə bir barel üçün 120 dolları keçə bilər. Bununla belə, bank bu ssenarinin əsas proqnoz olmadığını vurğulayır.

İyulun 20-də yayımlanan analitik qeyddə bildirilir ki, Yaxın Şərqdə hərbi eskalasiyanın davam etməsi və Fars körfəzindən ixrac olunan neft axınının müharibədən əvvəlki səviyyənin 45%-dən aşağı düşməsi qiymətlərə əlavə təzyiq göstərib.

Bununla yanaşı, bankın bazis ssenarisi daha mülayimdir. Analitiklər hesab edirlər ki, bölgədə gərginlik azalacağı təqdirdə "Brent" neftinin orta qiyməti ilin son rübündə təxminən 80 dollar, 2027-ci ildə isə 75 dollar səviyyəsində formalaşa bilər. Lakin hesabatda qeyd olunur ki, Hürmüz boğazı və potensial olaraq Qırmızı dənizdə daşımaların pozulması ehtimalı qiymət proqnozları üçün əsas risk olaraq qalır və bu risk daha çox bahalaşma istiqamətində qiymətləndirilir.

Son həftələr ABŞ ilə İran arasında hərbi əməliyyatların yenidən intensivləşməsi, eləcə də Yəməndəki husi qüvvələrinin Səudiyyə Ərəbistanından enerji tədarükünü hədəfə ala biləcəyi ilə bağlı açıqlamaları fonunda "Brent" markalı neftin qiyməti yenidən 91 dolları ötüb. Analitiklərin fikrincə, Qırmızı dəniz marşrutu Fars körfəzindən göndərilən yüklərin dünya bazarlarına çatdırılmasında mühüm alternativ rol oynadığından, bu istiqamətdə yaranacaq problemlər də bazardakı gərginliyi artırır.

"Goldman Sachs" qeyd edir ki, ikinci rübdə qlobal neft ehtiyatlarının azalması bazarı mümkün tədarük kəsintilərinə qarşı daha həssas edib. Bununla belə, Çinin neft idxalının zəifləməsi və qlobal tələbin qiymət dəyişikliklərinə daha həssas olması neftin bahalaşma tempini müəyyən qədər məhdudlaşdıra bilər.

Bank geosiyasi risklərdən qorunmaq istəyən investorlar üçün də strategiya təklif edib. Analitiklər Yaxın Şərq və Rusiya ilə bağlı risklərə qarşı hedcinq məqsədilə 2026-cı ilin dekabrı–2027-ci ilin martı dövrünü əhatə edən Avropa dizel təqvim spredinin (calendar spread) alınmasını məqsədəuyğun hesab edirlər.

Hesabatda vurğulanır ki, dizel bazarında gərginlik Yaxın Şərqdə son müharibə başlamazdan əvvəl də yüksək idi. Buna Rusiyanın neft emalı zavodlarına davam edən hücumlar, qasırğalar, yay mövsümündə müşahidə olunan ekstremal istilər və planlaşdırılmış texniki təmir işlərinin təxirə salınması kimi amillər əlavə təzyiq göstərərək qlobal tədarük risklərini artırıb.

MONETAR.AZ