Kanadanın Baş naziri Mark Karni ABŞ Prezidenti Donald Trampla ticarət danışıqlarının yaxın həftələrdə intensivləşdirilməsi barədə razılığa gəldiklərini açıqlayıb.
Karni bildirib ki, tərəflər ABŞ-ın Kanadadan idxal olunan bəzi mallara 50 faiz gömrük rüsumu tətbiq etmək qərarını müzakirə ediblər. Onun sözlərinə görə, danışıqlar üzrə işlər dərhal sürətləndiriləcək.
Kanada Baş naziri qeyd edib ki, yeni gömrük rüsumları qüvvəyə minəcəyi təqdirdə ölkəsinin mümkün cavab tədbirləri ilə bağlı bütün variantları nəzərdən keçirəcək.
ABŞ daha əvvəl Kanadanın Amerika məhsullarına qarşı “ayrı-seçkilik xarakterli” tədbirlər həyata keçirdiyini iddia edərək, bəzi Kanada mallarına 50 faiz gömrük rüsumu tətbiq ediləcəyini açıqlamışdı.
Karni bu qərarı ABŞ-ın “birtərəfli ticarət addımlarının növbəti mərhələsi” kimi qiymətləndirib. O bildirib ki, bu addımlar arasında Kanada avtomobil sektoruna tətbiq edilən gömrük rüsumları da yer alır və bunların Kanada-ABŞ-Meksika Anlaşmasının (CUSMA) şərtlərinə zidd olduğunu vurğulayıb.
Tərəflərin yaxın həftələrdə ticarət məsələləri üzrə danışıqları davam etdirəcəyi gözlənilir.
MONETAR.AZ