Bu gün Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur. Əlamətdar tarix Azərbaycan milli mətbuatının əsasını qoyan "Əkinçi" qəzetinin ilk nömrəsinin 1875-ci il iyulun 22-də nəşr olunması ilə bağlıdır.
Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi böyük çətinliklərə baxmayaraq, ana dilində "Əkinçi" qəzetinin nəşrinə nail olub. Qəzet cəmi iki il fəaliyyət göstərsə də, milli oyanışın, maarifçiliyin və ictimai fikrin formalaşmasında mühüm rol oynayıb.
"Əkinçi"dən sonra ölkədə milli mətbuatın inkişafı davam edib. XIX əsrin sonu və XX əsrin əvvəllərində "Ziya", "Kəşkül", "Kaspi", "Şərqi-rus", "Həyat", "İrşad", "Açıq söz", "Azərbaycan" kimi qəzetlər, həmçinin "Molla Nəsrəddin" jurnalı ictimai fikrin inkişafına və milli ideyaların təbliğinə mühüm töhfələr verib.
Sovet dövründə mətbuat ciddi senzura şəraitində fəaliyyət göstərsə də, Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra söz və mətbuat azadlığının inkişafı istiqamətində mühüm addımlar atılıb. Hazırda ölkədə çoxsaylı qəzet, jurnal, informasiya agentliyi və onlayn media resursu fəaliyyət göstərir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən, "Əkinçi" qəzetinin ilk nömrəsinin işıq üzü gördüyü 22 iyul tarixi Milli Mətbuat Günü kimi qeyd edilir.
MONETAR.AZ