“Aqrarkredit” BOKT 14 əmlakı müsabiqə yolu ilə satışa çıxarır 

“Aqrarkredit” BOKT 14 əmlakı

“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı (BOKT) balansında olan bir sıra daşınmaz əmlakların müsabiqə yolu ilə satışını elan edib.

Elana əsasən, satışa ümumilikdə 14 əmlak çıxarılıb. Bunlar Gəncə, Bakı, Şəki və Abşeron rayonunda yerləşən qeyri-yaşayış sahələri, torpaq sahələri, fərdi yaşayış evi və kənd təsərrüfatı təyinatlı torpaq üzərində icarə hüququndan ibarətdir.

Satışa çıxarılan ən bahalı əmlak Şəki şəhərinin Salman Mümtaz küçəsində yerləşən 29,8 hektar yaşayış məntəqəsi təyinatlı torpaq sahəsidir. Həmin əmlak üçün start qiyməti 3 milyon 235 min manat müəyyən edilib.

Gəncə şəhərinin Nizami rayonu, Heydər Əliyev prospekti 391 ünvanında yerləşən 2 000 kvadratmetrlik qeyri-yaşayış sahəsi isə 2 milyon 40 min manat start qiyməti ilə satışa çıxarılıb.

Bakı şəhərinin Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi 174 ünvanında yerləşən 493,9 kvadratmetrlik qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 1 milyon 880 min manatdır.

Abşeron rayonunun Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167 ünvanında yerləşən 1 625,6 kvadratmetrlik qeyri-yaşayış sahəsi 1 milyon 530 min manat start qiyməti ilə təklif olunur.

Şəki şəhərinin Salman Mümtaz küçəsində yerləşən digər iki torpaq sahəsinin ilkin qiymətləri müvafiq olaraq 795 min manat (7,3 hektar) və 770 min manat (7,1 hektar) təşkil edir.

Abşeron rayonunun Qobu qəsəbəsində yerləşən 3,8666 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 657 min 50 manat start qiyməti ilə satışa çıxarılıb.

Şəki rayonunun Daşüz kəndində yerləşən 500 hektar örüş sahəsi üzrə icarə hüququ isə 346 min manat start qiyməti ilə müsabiqəyə təqdim olunub.

Bakı şəhərinin Nərimanov rayonunda yerləşən bir neçə qeyri-yaşayış sahəsi də satış siyahısına daxil edilib. Belə ki:

  • Əliyar Əliyev küçəsi 201C ünvanında yerləşən 242,3 kvadratmetrlik obyekt – 390 min 103 manat;

  • Əliyar Əliyev küçəsi 197B ünvanında yerləşən 214,8 kvadratmetrlik obyekt – 345 min 828 manat;

  • Sabit Rəhman küçəsi 68C ünvanında yerləşən 176,1 kvadratmetrlik fərdi yaşayış evi – 380 min manat;

  • Əliyar Əliyev küçəsi 65/3 ünvanında yerləşən 418,1 və 244,1 kvadratmetrlik iki qeyri-yaşayış sahəsi bir lot üzrə satışa çıxarılıb. Onların start qiymətləri müvafiq olaraq 750 min manat və 384 min 458 manat təşkil edir;

  • Əliyar Əliyev küçəsi 195X ünvanında yerləşən 60,9 kvadratmetrlik qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 102 min 312 manat, 199B ünvanında yerləşən 61,7 kvadratmetrlik qeyri-yaşayış sahəsinin start qiyməti isə 103 min 656 manatdır.

Məlumata görə, satışa çıxarılan əmlakların heç biri yüklü deyil.

Müsabiqədə iştirak üçün ərizələrin qəbulu 1 iyul 2026-cı il saat 10:00-dan 21 avqust 2026-cı il saat 17:00-dək davam edəcək. Qalib avqustun 25-də saat 11:00-da Azərbaycan Respublikası Maliyyə Nazirliyinin inzibati binasında müəyyən ediləcək.

Əmlaklarla 22 iyul–19 avqust tarixlərində, həftənin çərşənbə axşamı və cümə axşamı günləri “Aqrarkredit” BOKT-nin Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 125 ünvanında yerləşən baş ofisində tanış olmaq mümkündür.

MONETAR.AZ