“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı (BOKT) balansında olan bəzi aktivlər üzrə borcların tələb hüquqlarının müsabiqə yolu ilə satışını elan edib.
Elana əsasən, satışa iki hüquqi şəxs üzrə ümumilikdə 37 milyon manat dəyərində tələb hüququ çıxarılıb. Müsabiqəyə təqdim edilən aktivlərdən biri “Solid Consulting LTD” MMC-nin borcu üzrə tələb hüququdur. Bu aktivin ikinci müsabiqə üzrə satış qiyməti 23 milyon manat müəyyən edilib.
Digər aktiv isə “Kavkasis Betoni 2007” MMC-nin borcu üzrə tələb hüququdur. Həmin tələb hüququnun ikinci müsabiqə üzrə satış qiyməti 14 milyon manat təşkil edir.
Müsabiqədə iştirak üçün ərizələrin qəbulu 1 iyul 2026-cı il saat 10:00-dan 21 avqust 2026-cı il saat 17:00-dək davam edəcək. Müsabiqənin qalibi avqustun 25-də saat 11:00-da Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri, Səməd Vurğun küçəsi 135 ünvanında yerləşən inzibati binasında müəyyən ediləcək.
İştirak etmək istəyən şəxslər aktivlərin ilkin satış qiymətinin 0,5 faizi həcmində beh ödəməli, qiymət təklifini rəqəmlə və sözlə göstərməklə bağlı zərfdə təqdim etməli, eləcə də tələb olunan digər sənədləri müəyyən olunmuş müddətdə “Aqrarkredit” QSC-yə təqdim etməlidirlər.
Müsabiqənin şərtlərinə görə, qalib elan edilən iddiaçı aktivin dəyərinin 30 bank günü ərzində tam ödənilməsini təmin etməsi barədə yazılı zəmanət verməlidir. Ən yüksək qiymət təklif edən iştirakçı müsabiqənin qalibi hesab olunacaq.
Aktivlərə dair sənədlərlə 22 iyul–19 avqust tarixlərində, həftənin çərşənbə axşamı və cümə axşamı günləri “Aqrarkredit” QSC-nin Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 125 ünvanında yerləşən baş ofisində tanış olmaq mümkündür.
MONETAR.AZ