BƏƏ-nin milli aviadaşıyıcısı "Emirates" uzun illərdir gecikən "Boeing 777X" proqramı ilə bağlı sərt mövqe nümayiş etdirib. Aviaşirkət 270 ədəd təyyarəni əhatə edən sifariş çərçivəsində istehsal olunmuş ilk 10 layneri qəbul etməyəcəyini açıqlayıb.
Farnboro Beynəlxalq Aviasiya Sərgisində "The Telegraph" nəşrinə müsahibə verən "Emirates" aviaşirkətinin prezidenti ser Tim Klark bildirib ki, ilk istehsal partiyasına daxil olan təyyarələr müasir texniki standartlara uyğunlaşdırılması üçün həddindən artıq geniş həcmli modernləşdirmə tələb edir. Onun sözlərinə görə, hər birinin kataloq qiyməti təxminən 440 milyon dollar olan bu təyyarələrin ilki hələ 2019-cu ildə istehsal edilib.
"Biz bu partiyanı qəbul etmirik. Bununla bağlı qərarımız qətidir. Bundan sonra həmin təyyarələrlə nə edəcəkləri artıq 'Boeing' şirkətinin problemidir", – deyə Tim Klark vurğulayıb.
Aviaşirkət rəhbəri bildirib ki, "Emirates" yeddi ildən artıqdır sifariş etdiyi 777X təyyarələrinin çatdırılmasını gözləyir. Layihə çərçivəsində aparılan çoxsaylı konstruktiv dəyişikliklər səbəbindən təhvil tarixləri dəfələrlə təxirə salınıb. Klarkın sözlərinə görə, əldə etdiyi məlumata əsasən, "Boeing" artıq həmin ilk partiya üçün alternativ alıcılar axtarmağa başlayıb.
O, vəziyyətə istehzalı münasibət göstərərək bildirib ki, bu təyyarələr "uçmaqdan daha çox lobya konservlərinin saxlanılması üçün yararlı ola bilər" və zarafatla "Heinz" şirkətinin onlarla maraqlana biləcəyini söyləyib.
Ser Tim Klark qeyd edib ki, ilk sınaq uçuşlarından sonra 777X proqramında planerin konstruksiyası əhəmiyyətli dərəcədə dəyişdirilib. Bundan əlavə, proqramın inkişaf mərhələsində statik sınaqlar zamanı gövdənin dağılması ilə nəticələnən insident də yaşanıb ki, bu da layihənin yenidən işlənməsini zəruri edib.
Onun sözlərinə görə, bu dəyişikliklərin miqyası ilk istehsal olunan təyyarələrin son standartlara uyğunlaşdırılmasını həm texniki, həm də iqtisadi baxımdan məqsədəuyğun etmir.
Qeyd edək ki, "Boeing 777X" proqramı son illərdə sertifikatlaşdırma prosesində və istehsalda yaranan problemlər səbəbindən ardıcıl gecikmələrlə üzləşib. Əvvəlcə 2020-ci ildə kommersiya istismarına verilməsi planlaşdırılan yeni nəsil genişgövdəli təyyarələrin ilk çatdırılmalarının ən yaxşı halda gələn il başlaması gözlənilir.
MONETAR.AZ