Almaniyada bütün dəmir yolu stansiyalarında alkoqol qəbulu qadağan ediləcək

Almaniyada bütün dəmir yolu stansiyalarında alkoqol qəbulu

Almaniyanın milli dəmir yolu operatoru "Deutsche Bahn" ölkə üzrə bütün dəmir yolu stansiyaları və vağzallarda spirtli içkilərin qəbulunu qadağan etmək qərarı verib. Yeni qaydalar mərhələli şəkildə tətbiq olunacaq və oktyabrın 15-dək Almaniyanın 5 400 stansiyasının hamısını əhatə edəcək.

Hazırda qadağa artıq 30 iri stansiyada, o cümlədən Köln, Hamburq və Münhen şəhərlərində qüvvəyə minib. Sentyabrın 1-dən etibarən isə Berlin Mərkəzi Vağzalında da spirtli içkilərin istifadəsinə icazə verilməyəcək.

Şirkət qərarı sərnişinlərin, dəmir yolu əməkdaşlarının və nəzarət xidmətinin təhlükəsizliyinin gücləndirilməsi ilə əsaslandırır. "Deutsche Bahn"-ın baş icraçı direktoru Evelin Palla bildirib ki, həddindən artıq alkoqol qəbulunun müşahidə olunduğu məkanlarda zorakılıq hallarının sayı əhəmiyyətli dərəcədə artır.

Onun sözlərinə görə, bu qərarın qəbul edilməsində son günlər baş vermiş insidentlər də təsirli olub. Belə ki, ötən həftə sərxoş sərnişin bilet yoxlanışı zamanı təhlükəsizlik xidmətinin əməkdaşına hücum edərək onu döyüb.

Yeni qaydalara əsasən, qadağanı pozan şəxslər stansiya ərazisindən uzaqlaşdırılacaq. Qaydaları dəfələrlə pozan sərnişinlərə isə konkret dəmir yolu stansiyasına girişin daimi qadağan edilməsi də daxil olmaqla daha sərt inzibati tədbirlər tətbiq oluna bilər.

Yeni təşəbbüsün məqsədi dəmir yolu infrastrukturunda ictimai asayişi gücləndirmək, zorakılıq hallarının qarşısını almaq və sərnişinlər üçün daha təhlükəsiz mühit formalaşdırmaqdır.

MONETAR.AZ