2026-cı ilin II rübündə Azərbaycanın mənzil bazarında qiymətlərin yüksəlməsi dinamikası davam edib. Həm rüblük, həm də illik müqayisədə mənzil qiymət indekslərində artım qeydə alınıb.
Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin II rübündə mənzil bazarında qiymət indeksi birinci rüblə müqayisədə 101,6 faiz (1,6% artım) təşkil edib. Bu dövrdə ilkin mənzil bazarı (yeni tikililər) üzrə qiymətlər 2,6 faiz, təkrar mənzil bazarı (köhnə tikililər) üzrə isə 1,5 faiz artıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə (2026-cı ilin II rübünün 2025-ci ilin II rübünə nisbəti) mənzil bazarında ümumi qiymətlər 8,6 faiz yüksəlib. Ən kəskin artım ilkin mənzil bazarında müşahidə olunub - yeni binalarda qiymətlər 12,4 faiz baha olub. Təkrar mənzil bazarında isə illik artım 8,6 faiz təşkil edib.
İlin ilk yarısının (yanvar-iyun) yekunlarına görə, mənzil bazarı 2025-ci ilin eyni dövrü ilə müqayisədə orta hesabla 8,4 faiz bahalaşıb. Bu dövrdə də əsas qiymət artımı ilkin mənzil bazarında qeydə alınıb -yeni tikililərdə qiymətlər 12,7 faiz, təkrar bazarda isə 8,3 faiz artıb.
MONETAR.AZ