Azad edilmiş ərazilərdə yaşayanların sayı 90 mini ötüb

Azad edilmiş ərazilərdə yaşayanların sayı

2026-cı il iyun ayının 1-i vəziyyətinə Azərbaycan Respublikası əhalisinin sayı ilin əvvəlindən 9 287 nəfər və ya 0,1 faiz artaraq 10 271 638 nəfərə çatıb.

Ölkə əhalisinin demoqrafik tərkibinə gəldikdə, sakinlərin 54,3 faizini şəhər, 45,7 faizini isə kənd sakinləri təşkil edir. Cins bölgüsündə qadınlar cüzi üstünlüklə öndədir - əhalinin 50,2 faizi qadınlar, 49,8 faizi isə kişilərdən ibarətdir.

Xüsusilə diqqətçəkən məqam işğaldan azad edilmiş ərazilərdəki məskunlaşma dinamikasıdır. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən, “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 2026-cı il iyulun 1-dək 37 248 nəfər keçmiş məcburi köçkün doğma yurdlarına geri qayıdıb.

Bununla yanaşı, azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərində çalışan, xidmət göstərən və təhsil alan şəxslər də daxil olmaqla, hazırda həmin bölgələrdə yaşayıb fəaliyyət göstərən və təhsil alan ümumi əhalinin sayı 90 316 nəfərə çatıb.

MONETAR.AZ