2026-cı ilin yanvar-may aylarının statistik göstəricilərinə əsasən, ölkədə demoqrafik tendensiyalarda diqqətçəkən dəyişikliklər baş verib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə təbii artım və nikah göstəricilərində kəskin azalma, ölüm hallarında isə cüzi artım müşahidə olunub.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin məlumatlarına əsasən, cari ilin ilk 5 ayında 34 056 doğulan körpə qeydə alınıb. Ötən ilin eyni dövründə bu rəqəm 38 836 olub. Əhalinin hər 1000 nəfərinə düşən doğum göstəricisi 9,2-dən 8,0-a düşüb. Doğulanların 53,5 faizini oğlanlar, 46,5 faizini isə qızlar təşkil edib. Körpələrdən 1 184-ü əkiz, 48-i isə üçəm doğulub.
Hesabat dövründə ölkədə 25 511 ölüm halı qeydə alınıb ki, bu da hər 1000 nəfərə düşən ölüm əmsalının 5,9-dan 6,0-a qalxması deməkdir. Doğumun azalması və ölümün cüzi artması nəticəsində əhalinin təbii artımı kəskin azalaraq 13 688 nəfərdən 8 545 nəfərə düşüb (39,4% azalma).
Sosial göstəricilər arasında ən böyük eniş nikahların sayında qeydə alınıb. Yanvar-may aylarında 15 107 nikah bağlanıb ki, bu da ötən ilin göstəricisindən (19 783) 23,6% azdır. Boşanmaların sayısı isə 8 678-dən 8 087-yə enərək 5% azalıb.
MONETAR.AZ