"Volksvagen" premium elektrikli velosiped istehsalçısı "N+" ilə əməkdaşlıq çərçivəsində avtomobil sənayesində istifadə olunan bir sıra texnologiyalarla təchiz edilmiş yeni elektrikli velosiped xəttini təqdim edib.
Yeni modelin əsas yeniliklərindən biri "Smart View" sistemidir. Arxa görüntü kamerası və radar sensorları ilə işləyən bu sistem sükanın içərisində yerləşdirilmiş displey vasitəsilə velosipedçiyə arxadakı vəziyyəti göstərir. Radarlar isə yaxınlaşan nəqliyyat vasitələrini aşkar edərək sürücünü əvvəlcədən xəbərdar edir.
Velosiped, həmçinin digər hərəkət iştirakçıları ilə ünsiyyəti asanlaşdıran işıqlandırma sistemi ilə təchiz edilib. Çərçivəyə və ya baqaja quraşdırılmış LED işıq zolağı gündüz hərəkət işığı funksiyasını yerinə yetirir. Əyləcləmə zamanı qırmızı rəngdə yanan sistem, dönmə zamanı isə sarı rəngdə sayrışaraq istiqaməti göstərir.
Şirkət əlavə aksesuar kimi Bluetooth bağlantısını dəstəkləyən "ağıllı" dəbilqə və HUD (Heads-Up Display) texnologiyalı eynəklər də təqdim edib.
Ağıllı dəbilqə yıxılmanı müəyyən edən sensorlarla təchiz olunub və qəza zamanı təcili yardım xidmətlərinə avtomatik xəbər göndərə bilir.
HUD texnologiyalı eynəklər isə velosipedin kamera və radar sistemi ilə sinxron işləyərək naviqasiya göstərişlərini əks etdirir, kor zonalar barədə xəbərdarlıq edir və sürücüyə digər vacib məlumatları real vaxt rejimində təqdim edir.
Bildirilir ki, bu texnologiyanın hazırlanmasında hərbi aviasiya pilotları üçün dəbilqəaltı displey sistemləri üzərində çalışmış mühəndislər də iştirak ediblər.
![]()
MONETAR.AZ