"SMBC Aviation Capital" şirkəti "Airbus" konserni ilə A320neo ailəsinə aid 100 ədəd təyyarənin alınmasına dair qəti sifariş (firm order) imzalayıb. Farnboro Beynəlxalq Aviasalonunda rəsmiləşdirilən müqaviləyə 65 ədəd A321neo və 35 ədəd A320neo modeli daxildir.
Şirkətin baş icraçı direktoru (CEO) Piter Barrett bildirib ki, bu sifariş "SMBC Aviation Capital"ın müştərisi olan aviaşirkətlərin 2030-cu illərin ortalarınadək A320neo ailəsinə məxsus təyyarələrin tədarükünə çıxışını təmin edəcək. Onun sözlərinə görə, qərar A320neo ailəsinə uzunmüddətli bazar tələbatına olan etimadı əks etdirir və "Airbus" ilə 25 illik tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.
"Airbus"un kommersiya təyyarələrinin satışı üzrə icraçı vitse-prezidenti Benua de Sent-Ekzüperi qeyd edib ki, bu sifariş A320neo ailəsinə qlobal tələbatın yüksək olaraq qaldığını göstərir. O vurğulayıb ki, aviaşirkətlər donanmalarını genişləndirmək və yeniləmək məqsədilə daha yanacaq səmərəli və ekoloji cəhətdən üstün hava gəmilərinə üstünlük verməyə davam edirlər.
"SMBC Aviation Capital" hazırda A320 ailəsinin ən iri sifarişçilərindən biri hesab olunur. Şirkət ana müəssisəsi olan "Sumitomo Corporation" ilə birlikdə birbaşa "Airbus"dan müxtəlif tipli hava gəmiləri üzrə 900-dən çox sifariş və satınalma öhdəliyi (commitments) rəsmiləşdirib.
"Airbus"un məlumatına görə, A320 ailəsi indiyədək dünya üzrə 20 200-dən çox sifariş alıb. Bu ailəyə daxil olan yeni nəsil təyyarələr əvvəlki analoji modellərlə müqayisədə ən azı 20% daha az yanacaq sərf edir və karbon qazı (CO₂) emissiyalarını da eyni səviyyədə azaltmağa imkan verir.
MONETAR.AZ