ABŞ Prezidenti Donald Tramp İranla müharibənin gedişatı ilə bağlı mühüm qərar verməli olduğunu bildirib.
Monetar.az xəbər verir ki, Tramp “Axios”a müsahibəsində İranla müharibəni başa çatdırmaq məqsədilə genişmiqyaslı hücuma başlayıb-başlamamaq məsələsini nəzərdən keçirdiyini deyib.
ABŞ Prezidenti qarşısında mühüm qərar olduğunu bildirərək, İran ərazisinə daxil olaraq ölkəni məhv etmək istəyib-istəmədiyi barədə qərar verməli olduğunu söyləyib. Tramp bu məsələdə bütün variantların mümkün olduğunu qeyd edib.
Tramp gələn həftə Nyu-Yorkda region ölkələrinin liderləri ilə görüşəcəyini və onların mövqelərini öyrənmək istədiyini bildirib. Görüşdə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn, Küveyt və Oman liderlərinin iştirak edəcəyi bildirilir.
ABŞ Prezidenti İranın neft ixracına qarşı tətbiq edilən dəniz blokadasından da danışıb. O, blokadanın İranın neft ixracını əngəllədiyini və İranla ABŞ arasında birbaşa təmasların davam etdiyini bildirib.
Tramp həmçinin İranın ABŞ-la razılaşma əldə etmək istədiyini deyib.
ABŞ Prezidenti gələn həftə BMT Baş Assambleyasının iclasları çərçivəsində İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb-görüşməyəcəyi barədə suala isə “Görüşə bilərəm” cavabını verib.