Venesuela hökuməti və müxalifəti ölkənin mərkəzi bankına məxsus İngiltərə Bankında saxlanılan qızıl ehtiyatlarının Nyu-York Federal Ehtiyat Bankına köçürülməsi ilə bağlı razılaşma əldə etməyə yaxındır. “Financial Times”ın məlumatına görə, söhbət ümumi dəyəri təxminən 4 milyard dollar qiymətləndirilən qızıl ehtiyatlarından gedir.
Təklif olunan razılaşmaya əsasən, qızıl üzərində hüquqi nəzarət Venesuelanın keçid hökumətinə, yəni Delsi Rodrigesin rəhbərlik etdiyi administrasiyaya veriləcək. Bununla belə, danışıqlar barədə məlumatlı dörd mənbənin “Financial Times”a bildirdiyinə görə, keçid hökumətinə ehtiyatları dərhal satmaq hüququ verilməyəcək.
Razılaşmanın digər şərtinə əsasən, qızıl dövlət borclanması üçün girov kimi istifadə edilə bilər. Cəlb olunacaq vəsaitlərin dövlət xərclərinin maliyyələşdirilməsinə, o cümlədən iyun ayında baş verən dağıdıcı ikiqat zəlzələnin nəticələrinin aradan qaldırılması və ölkənin bərpasına yönəldilməsi nəzərdə tutulur.
Əldə olunması gözlənilən razılaşma Venesuelanın qızıl ehtiyatları ətrafında 2019-cu ildən davam edən uzunmüddətli mübahisəyə son qoya bilər. Mübahisə həmin il ABŞ, Böyük Britaniya və bir sıra digər ölkələrin o vaxt Milli Assambleyanın sədri olan müxalifət lideri Xuan Quaydonu Venesuelanın qanuni prezidenti kimi tanımasından sonra daha da kəskinləşmişdi.
İngiltərə Bankında saxlanılan qızılın kim tərəfindən idarə olunması məsələsi Venesueladakı siyasi hakimiyyət uğrunda mübarizənin əsas maliyyə mübahisələrindən birinə çevrilmişdi. Yeni razılaşma baş tutacağı təqdirdə, ehtiyatların hüquqi statusu və onlardan ölkənin maliyyələşdirilməsi məqsədilə istifadə imkanları ilə bağlı uzun müddətdir davam edən qeyri-müəyyənliyin aradan qalxması gözlənilir.
MONETAR.AZ