Türkiyədə bəzi ət məhsullarının istehsalına dair tələblər sərtləşdirilib

Türkiyədə bəzi ət məhsullarının istehsalına dair

Türkiyənin Kənd Təsərrüfatı Nazirliyinin tətbiq etdiyi yeni standartlarla məhsulların tərkibində istifadə olunan yağ, duz, zülal və digər komponentlərin miqdarı üzrə konkret hədlər müəyyənləşdirilib.

Yeni qaydalara əsasən, istehsalçılar üçün 31 mart 2027-ci ilədək keçid dövrü nəzərdə tutulub. Dönər isə istifadə olunan ətin növünə uyğun olaraq üç kateqoriyaya ayrılıb. Bütün kateqoriyalar üzrə yağın miqdarı maksimum 25 faiz, duz maksimum 2 faiz, zülal isə ən azı 12 faiz olmalıdır.

Süd, qatıq və yumurta ağı istisna olmaqla, dönərin hazırlanmasında qoz-fındıq, pendir, zülal tozları və zülal hidrolizatlarından istifadəyə icazə verilməyəcək. Nişasta və soya əlavələri də qadağan edilib. Ədviyyatlardan məhsula keçən nişasta və bitki mənşəli zülalın ümumi payı isə maksimum 1 faiz müəyyənləşdirilib.

Küftə və burgerlər üçün də yeni tərkib standartları tətbiq olunub. Bu məhsullarda zülalın miqdarı ən azı 10 faiz, yağın miqdarı maksimum 25 faiz, duz isə maksimum 2 faiz olmalıdır. Soya məhsulları və əlavə zülal komponentlərinin istifadəsi qadağan edilir. Çörək, suxarı və ədviyyatlardan daxil olan nişasta və bitki zülalının payı isə 5 faizdən çox ola bilməz.

Sucuk istehsalında zülalın miqdarı ən azı 15 faiz, kollagen maksimum 20 faiz, pH səviyyəsi isə maksimum 5,4 olaraq müəyyən edilib. Termik emaldan sonra bu göstəricilər zülal üzrə 13 faiz, kollagen üzrə isə 25 faiz təşkil etməlidir.

Quş ətindən hazırlanmış qiymə və onun qarışıqları ilə bağlı da ayrıca məhdudiyyətlər tətbiq olunub. Belə məhsulların yalnız dondurulmuş formada satışa buraxılmasına icazə verilib.

Quş ətindən hazırlanan küftə və burgerlərdə zülalın miqdarı ən azı 10 faiz, yağın miqdarı isə maksimum 15 faiz olmalıdır. Quş əti dönərində isə yağ üçün 15 faiz, duz üçün 2 faiz, zülal üçün isə 14 faiz göstəricisi müəyyənləşdirilib.

Yeni qaydalara əsasən, ət məhsullarının etiketində heyvan mənşəli yağın hansı heyvandan əldə edildiyinin göstərilməsi də məcburi olacaq. Nazirlik bununla məhsulların tərkibinə dair tələbləri dəqiqləşdirməklə yanaşı, istehlakçıların məhsul haqqında daha ətraflı məlumat əldə etməsini nəzərdə tutur.

MONETAR.AZ