Britaniya parlamenti qumar reklamlarının tam qadağan edilməsini təklif edib

Britaniya parlamenti qumar reklamlarının tam qadağan edilməsini

Böyük Britaniya parlamentinin Lordlar Palatasının Əlaqələr Komitəsi ictimai sağlamlığın qorunması məqsədilə lotereya və ippodromlar istisna olmaqla, qumar oyunlarının demək olar ki, bütün növlərinin reklamına qadağa qoyulmasını tövsiyə edib.

“The Guardian” nəşrinin komitənin məruzəsinə istinadən yaydığı məlumata görə, 173 səhifəlik sənəddə hökumət onlayn qumar reklamlarının geniş yayılmasının qarşısının alınması məsələsində “həddindən artıq passiv” mövqe tutmaqda tənqid olunur.

Məruzədə bildirilir ki, ötən il Böyük Britaniyada bukmeker kontorları və kazinoların ümumi gəliri 12,6 milyard funt sterlinq təşkil edib. Komitənin məlumatına görə, ölkədə 1,4 milyon nəfərədək insan qumar asılılığından əziyyət çəkir.

Komitə qumar reklamlarına münasibətdə tütün məhsullarının reklamına tətbiq olunan yanaşmanın nümunə götürülməsini təklif edir. Tövsiyəyə əsasən, lotereyalar və ippodromlar istisna olmaqla, qumar oyunlarının reklamının geniş şəkildə qadağan edilməsi nəzərdən keçirilməlidir.

Qumar sənayesinin lobbiçi qurumu “Betting & Gaming Council” isə təşəbbüsə etiraz edib. Qurum lordların təklifini “dərin yanlışlıq” kimi qiymətləndirərək, belə bir qadağanın nəticədə qeyri-qanuni qumar bazarının genişlənməsinə səbəb ola biləcəyini bildirib.

Komitə üzvləri isə bu arqumentlərlə razılaşmır və hesab edirlər ki, qeyri-qanuni bazarın mümkün genişlənməsi ilə bağlı narahatlıqlar qanuni qumar sektorunun vətəndaşlara vurduğu zərər məsələsini kölgədə qoymamalıdır.

Böyük Britaniyada qumar sektoru 2005-ci ildə qəbul edilmiş Qumar Oyunları haqqında Qanun əsasında tənzimlənir. Sənədə görə, sektorda reklam xərcləri 2024-cü ildə 2 milyard funt sterlinqə çatıb.

Komitənin təklifi hazırda tövsiyə xarakteri daşıyır. Onun həyata keçirilməsi üçün hökumətin mövqeyi və gələcək qanunvericilik qərarları müəyyənedici olacaq.

MONETAR.AZ