Azərbaycanda mədənçıxarma sənayesində 2026-cı ilin yanvar-avqust aylarında istehsalın ümumi dəyəri 26 milyard 886,4 milyon manat təşkil edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1,1 faiz azalma deməkdir.
Bununla bağlı Monetar.az Dövlət Statistika Komitəsi məlumatına istinadən xəbəe verib.
Sahə üzrə əsas fəaliyyət istiqaməti olan xam neft və təbii qaz hasilatında istehsalın dəyəri 23 milyard 838 milyon manat olub. Göstərici illik müqayisədə real ifadədə 2,7 faiz azalıb.
Hesabat dövründə metal filizlərinin hasilatında isə artım qeydə alınıb. Bu sahədə istehsalın dəyəri 761,1 milyon manat təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 42,5 faiz artıb.
Mədənçıxarma sənayesinin digər sahələrində istehsalın dəyəri 141,3 milyon manat olub. Bu istiqamətdə illik müqayisədə 15,1 faiz azalma qeydə alınıb. Bununla yanaşı, mədənçıxarma sənayesinə göstərilən xidmətlərin dəyəri 2 milyard 146 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 28,8 faiz artım deməkdir.
Sahənin əsas məhsulları üzrə də istehsalın azalması müşahidə olunub. Belə ki, yanvar-avqust aylarında 17,6 milyon ton əmtəəlik neft hasil edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz azdır.
Əmtəəlik təbii qaz hasilatı isə 25,6 milyard kubmetr təşkil edib. Qaz hasilatının həcmi də illik müqayisədə 0,9 faiz azalıb.
Beləliklə, 2026-cı ilin ilk səkkiz ayında mədənçıxarma sənayesində ümumi istehsalın azalmasına əsasən xam neft və təbii qaz hasilatındakı geriləmə təsir edib. Eyni zamanda, metal filizlərinin hasilatı və mədənçıxarma sahəsinə göstərilən xidmətlər üzrə əhəmiyyətli artım qeydə alınıb.
