2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda tikinti materiallarının istehsalında məhsul növləri üzrə ziddiyyətli dinamika müşahidə olunub.
Məlumatlara görə, hesabat dövründə ən yüksək artım asfalt istehsalında qeydə alınıb. Belə ki, 100,5 min ton asfalt istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 94,8% çoxdur.
İstehsalında ciddi artım qeydə alınan digər məhsul əhəng olub. 8 ayda 26,8 min ton əhəng istehsal edilib ki, bu da illik müqayisədə 78,7% artım deməkdir.
Əmtəəlik sement klinkerinin istehsalı isə 44,8% artaraq 1 037 min tona çatıb. Ümumilikdə sement klinkeri istehsalı 2 671,3 min ton təşkil edib və illik ifadədə 6,7% artıb.
Sement istehsalında da artım qeydə alınıb. Yanvar-avqust aylarında 2 833,4 min ton sement istehsal edilib. Bu, əvvəlki ilin müvafiq dövründən 6,5% çoxdur.
Beton istehsalı da yüksəlib. Hesabat dövründə 3 122,7 min ton beton istehsal olunub ki, bu da illik müqayisədə 6,1% artımdır.
Bununla yanaşı, bəzi tikinti materiallarının istehsalında kəskin azalma müşahidə edilib.
Ən böyük geriləmə gips məmulatlarında qeydə alınıb. 2026-cı ilin ilk 8 ayında 33,4 min ton gips məmulatı istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 65,8% azdır. Tikinti gipsinin istehsalı isə 27,1 min ton təşkil edib və illik müqayisədə 71,3% azalıb.
Tikinti kərpiclərinin istehsalı 13,4% azalaraq 380,5 min kubmetrə, sementdən və betondan kərpiclər və oxşar məmulatların istehsalı isə 30,9% azalaraq 63,2 min tona düşüb.
Tikinti şüşəsi istehsalında da azalma var. Yanvar-avqust aylarında 6 495 min kvadratmetr tikinti şüşəsi istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 3% azdır.
Betondan yığma tikinti konstruksiyalarının istehsalı isə 58 min kubmetr təşkil edib və illik müqayisədə 23,6% azalıb.
Sentyabrın 1-nə sənaye müəssisələrinin anbarlarında 513,5 min ton sement klinkeri, o cümlədən 513,5 min ton əmtəəlik klinker qalığı olub.
Tikinti şüşəsi üzrə hazır məhsul ehtiyatı 2 393,4 min kvadratmetr, tikinti kərpicləri üzrə isə 26 min kubmetr təşkil edib.
Sement anbarlarında 243,8 min ton, əhəng anbarlarında isə 8,8 min ton hazır məhsul ehtiyatı qeydə alınıb.
Monetar.az