Çin avtomobilləri qlobal bazarın 37 faizinə nəzarət edə bilər

Çin avtomobilləri qlobal bazarın 37 faizinə

Çin avtomobil istehsalçılarının qlobal bazardakı mövqelərinin qarşıdakı illərdə daha da güclənəcəyi gözlənilir. “UBS” analitiklərinin proqnozuna görə, Çin brendlərinə artan istehlakçı marağı və şirkətlərin xarici bazarlarda genişlənməsi nəticəsində onların qlobal avtomobil bazarındakı payı 2030-cu ilə qədər 37 faizə çata bilər.

Bu göstərici əvvəlki 35 faizlik proqnozdan yuxarıdır. Analitiklər Avropa bazarı üzrə gözləntilərini də yeniləyiblər. Belə ki, Çin avtomobil markalarının 2030-cu ildə Avropadakı bazar payının 20 faizə çatacağı proqnozlaşdırılır. Hazırda Çin brendlərinin Avropa bazarındakı payı təxminən 8 faiz təşkil edir və onların son dövrdəki artım tempi əvvəlki gözləntiləri üstələyib.

“UBS Evidence Lab”ın 12 min istehlakçının iştirakı ilə keçirdiyi sorğu da Çin avtomobillərinə marağın artdığını göstərib. Avropalı respondentlərin 36 faizi Çin brendinə məxsus elektromobil almaq imkanını nəzərdən keçirə biləcəyini bildirib. Bununla da Avropada Çin avtomobillərinə olan maraq Yaponiya və Cənubi Koreya markalarına ümumi marağı üstələyib.

Çin elektromobillərinin əsas üstünlüklərindən biri isə qiymət və keyfiyyət nisbəti olaraq qalır. Sorğunun nəticələrinə görə, dünyada Çin elektromobili almağı düşünən potensial alıcıların 66 faizi məhz bu amili əsas cəlbedici xüsusiyyət kimi qeyd edib. Rəqəmsal funksiyalar və avtonom idarəetmə imkanları da daxil olmaqla qabaqcıl texnologiyalar isə 61 faizlə ikinci əsas faktor olub.

Çin avtomobil istehsalçılarının xarici bazarlarda mövqelərinin güclənməsi artıq bir neçə ildir davam edir. 2019-cu ildən etibarən şirkətlər Avropa, Latın Amerikası, Asiyanın bir sıra ölkələri, Yaxın Şərq və Afrikada bazar paylarını 9–12 faiz bəndi artırıblar. Eyni zamanda, Çində daxili avtomobil tələbatının zəifləməsi istehsalçıları ixrac imkanlarını genişləndirməyə daha çox sövq edir.

Avropa isə Çin avtomobil markaları üçün əsas rəqabət meydanlarından biri olaraq qalır. Plug-in hibrid avtomobillərə tətbiq oluna biləcək tariflər, istehsalın lokallaşdırılması ilə bağlı yeni tələblər, avtomobillərin aşağı qalıq dəyəri və satışdan sonrakı xidmət şəbəkəsinin məhdudluğu Çin istehsalçılarının regiondakı genişlənmə tempinə təsir göstərə bilər. Korporativ avtomobil bazarına çıxışla bağlı çətinliklər də əlavə maneə kimi qiymətləndirilir.

“UBS”in baza ssenarisində “BYD”, “Geely”, “Chery”, “SAIC”, “Leapmotor” və “Xiaomi” kimi şirkətlər xarici bazarlarda əsas Çin avtomobil istehsalçılarına çevrilə bilər. Optimist ssenariyə əsasən, bu şirkətlərin ümumi qlobal bazar payı 2030-cu ilə qədər 45 faizə, Avropa bazarındakı payı isə 30 faizə yüksələ bilər. Pessimist ssenaridə isə həmin göstəricilərin müvafiq olaraq 33 və 15 faiz səviyyəsində qalacağı gözlənilir.

Çin avtomobil istehsalçılarının genişlənməsi xüsusilə Avropa və Asiyanın kütləvi avtomobil seqmentində fəaliyyət göstərən istehsalçılar üçün rəqabət mühitini dəyişir. ABŞ şirkətləri isə daha qorunan mövqedə qalırlar, çünki mövcud ticarət baryerləri Çin avtomobil istehsalçılarının ABŞ bazarına çıxışını ciddi şəkildə məhdudlaşdırır. Premium seqmentdə fəaliyyət göstərən avtomobil istehsalçılarının isə kütləvi bazarda çalışan şirkətlərlə müqayisədə rəqabət təzyiqinə daha davamlı olacağı proqnozlaşdırılır.

MONETAR.AZ