Azərbaycana ət və şəkər idxalı artıb, kartof və kərə yağı azalıb

Azərbaycana ət və şəkər idxalı artıb,

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycana 8,3 min ton iribuynuzlu heyvan əti idxal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,5 faiz çoxdur. İdxalın dəyəri isə 33,3 milyon dollar təşkil edərək 36,7 faiz artıb.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, hesabat dövründə bəzi əsas ərzaq məhsullarının idxalında artım, bəzilərində isə azalma qeydə alınıb.

İribuynuzlu heyvan əti ilə yanaşı, təzə meyvə idxalı da artıb. İdxal olunan meyvənin həcmi 96,4 min ton təşkil edib və illik müqayisədə 11,6 faiz yüksəlib. Onların idxal dəyəri isə 18,3 faiz artaraq 124,2 milyon dollara çatıb.

Bitki yağlarının idxalı 84,99 min ton olmaqla 13,9 faiz artıb. Bu məhsullar üzrə idxalın dəyəri isə 17,5 faiz artaraq 129 milyon dollar təşkil edib.

Xam şəkər idxalında da artım müşahidə olunub. Yanvar-iyul aylarında 265,6 min ton xam şəkər idxal edilib ki, bu da ötən ilin eyni dövründən 28,9 faiz çoxdur. Lakin idxalın dəyəri 10,1 faiz artaraq 120,9 milyon dollar olub.

Bunun əksinə, kərə yağı, digər süd yağları və pastaların idxalı 8,7 faiz azalaraq 15,1 min tona düşüb. Bu məhsulların idxalına xərclənən vəsait isə 16,6 faiz azalaraq 94,6 milyon dollar təşkil edib.

Kartof idxalı da azalıb. İlin ilk yeddi ayında Azərbaycana 77,3 min ton kartof gətirilib. Bu, illik müqayisədə 22,7 faiz azdır. İdxalın dəyəri də 24 faiz azalaraq 29,7 milyon dollara düşüb.

Təzə tərəvəz idxalı isə daha kəskin azalıb. İdxal olunan tərəvəzin həcmi 27,5 min ton təşkil edib və 40,4 faiz azalıb. Dəyər ifadəsində azalma 31 faiz olub.