Azərbaycanın MDB ölkələri ilə müqayisəsi: Rəqəmlər nə deyir?

Azərbaycanın MDB ölkələri ilə müqayisəsi:

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz artıb. Bu göstərici MDB ölkələrinin əksəriyyəti ilə müqayisədə daha aşağı artım tempinə işarə edir.

Monetar.az xəbər verir ki, MDB ölkələrinin milli statistika xidmətlərinin məlumatlarına əsasən, hesabat dövründə Özbəkistanda ÜDM 8,5 faiz, Tacikistanda 6,3 faiz, Ermənistanda 6,0 faiz, Qazaxıstanda 4,1 faiz, Türkmənistanda 8,5 faiz, Belarusda 2,1 faiz, Qırğızıstanda 11,1 faiz artıb.

Moldovada ÜDM 0,4 faiz, Rusiyada isə 0,6 faiz artıb. Beləliklə, Azərbaycan 1,4 faizlik ÜDM artımı ilə təqdim olunan MDB ölkələri arasında daha aşağı artım göstəricilərindən birinə sahib olub.

Sənaye istehsalında da Azərbaycanın artımı məhdud olub. Ölkədə sənaye məhsulunun ümumi həcmi 0,3 faiz artıb. Müqayisə üçün, Qırğızıstanda bu göstərici 11,2 faiz, Rusiyada 0,1 faiz, Ermənistanda 9,5 faiz, Özbəkistanda isə 7,9 faiz təşkil edib.

Əsas kapitala yönəldilmiş vəsaitlər üzrə isə Azərbaycanın göstəricisi 10,7 faiz artım olub. Bu sahədə ən yüksək artım Qırğızıstanda qeydə alınıb – 58,8 faiz. Tacikistanda göstərici 35,9 faiz, Ermənistanda 25 faiz təşkil edib.

Pərakəndə ticarət dövriyyəsində Azərbaycanın artımı 3,8 faiz olub. Rusiyada bu göstərici 34,4 faiz, Özbəkistanda 20,2 faiz, Qırğızıstanda 13,4 faiz, Belarusda 8,1 faiz təşkil edib.

İstehlak qiymətlərinin artımına gəldikdə, Azərbaycanda yanvar-iyul aylarında inflyasiya 5,7 faiz təşkil edib. Bu göstərici Qazaxıstandakı 10,9 faiz və Qırğızıstandakı 10,7 faizlə müqayisədə aşağıdır. Rusiyada isə istehlak qiymətləri 3,8 faiz artıb.

Əməkhaqqı göstəricilərində isə Azərbaycan üzrə iqtisadiyyatda çalışanların orta aylıq nominal əməkhaqqı 7 faiz artıb. Müqayisə edilən ölkələr arasında ən yüksək artımlardan biri Qazaxıstanda və Türkmənistanda 27,5 faiz, Tacikistanda 20,3 faiz, Özbəkistanda isə 18,4 faiz olub.

Beləliklə, 2026-cı ilin  7 ayının nəticələri Azərbaycanda iqtisadi artımın nisbətən zəif, qiymət artımının isə bir sıra MDB ölkələri ilə müqayisədə daha aşağı olduğunu göstərir. Eyni zamanda, əsas kapitala yönəldilən investisiyalarda və nominal əməkhaqqında artım davam edib.