Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda etik davranış qaydaları və korrupsiyaya qarşı mübarizə məsələlərinə həsr olunan distant təlim keçirilib.
16 sentyabr 2026-cı il tarixində DİM-in Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin aparıcı məsləhətçisi Zeynal Cabbarovun iştirakı ilə “Dövlət qulluğunda etik davranış qaydalarının praktiki tətbiqi məsələləri və korrupsiyaya qarşı mübarizə” mövzusunda onlayn təlim təşkil olunub. Təlimdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları iştirak ediblər.
Təlim çərçivəsində iştirakçılara korrupsiya anlayışı, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri və növləri, bu hüquqpozmalarla bağlı məsuliyyət, korrupsiyaya qarşı mübarizədə beynəlxalq təcrübə, eləcə də istifadə olunan metod və vasitələr barədə ətraflı məlumat verilib.
Bununla yanaşı, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində əldə edilmiş nailiyyətlər, dövlət qulluqçularının etik davranış qaydaları, həmin qaydaların dövlət qulluğunda əhəmiyyəti və praktiki tətbiqi məsələləri diqqətə çatdırılıb. Korrupsiyaya qarşı mübarizə ilə etik davranış prinsipləri arasındakı əlaqə də təlimin əsas müzakirə mövzularından biri olub.
Tədbirin sonunda iştirakçıların korrupsiyaya qarşı mübarizə və dövlət qulluğunda etik davranış qaydalarının tətbiqi ilə bağlı sualları cavablandırılıb.
MONETAR.AZ