AC50 tipli 7 müasir yük lokomotivi Bakıya gətirilib

AC50 tipli 7 müasir yük lokomotivi

“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) yükdaşıma imkanlarının genişləndirilməsi və lokomotiv parkının yenilənməsi istiqamətində işləri davam etdirir.

AZƏRTAC xəbər verir ki, Çinin “CRRC Ziyang Co., Ltd” şirkətinin istehsal etdiyi AC50 tipli 7 müasir yük lokomotivi Bakıya gətirilib. Yeni teplovozların beynəlxalq nəqliyyat dəhlizləri üzrə yükdaşımalarında istifadəsi nəzərdə tutulur.

Lokomotivlər qabaqcıl texnologiyalar və innovativ dartı sistemləri ilə təchiz olunub. Yüksək dartı gücü və böyük yanacaq tutumu ağır tonnajlı yük qatarlarının daha səmərəli və təhlükəsiz idarə olunmasına imkan verir. Həmçinin yeni teplovozlarda müasir idarəetmə və təhlükəsizlik sistemləri tətbiq edilib.

Lokomotivlərin texniki xidmət dövriliyi 90 gün müəyyənləşdirilib. Bu, onların daha uzun müddət fasiləsiz və etibarlı istismarına şərait yaradır. Teplovozların əsas çəninin 2 min litr sıxılmış hava tutumuna malik olması və iki kompressorla təchiz edilməsi isə daha uzun tərkibli qatarların idarə olunmasını mümkün edir.

Yeni lokomotivlərin digər xüsusiyyəti iki teplovozun ardıcıl qoşularaq bir lokomotiv briqadası tərəfindən idarə edilə bilməsidir. Bu imkan ağır tonnajlı qatarlarla daha çox yükün daşınmasına, əməliyyat səmərəliliyinin artırılmasına və hərəkət heyətindən daha effektiv istifadəyə şərait yaradır.

AC50 modeli Beynəlxalq Dəmir Yolları İttifaqının (UIC) müəyyən etdiyi IIIA səviyyəli ekoloji standartlara cavab verir. Bu da lokomotivlərin emissiya tələblərinin tətbiq olunduğu ərazilərdə istismarına imkan verir.

ADY beynəlxalq nəqliyyat dəhlizləri üzrə yükdaşımaların artdığı bir şəraitdə lokomotiv parkının texniki imkanlarını genişləndirməyə davam edir. Şirkət həm yük, həm də sərnişin daşımalarında hərəkət heyətinin yenilənməsi və xidmətlərin daha çevik və təhlükəsiz təşkili istiqamətində tədbirlər həyata keçirir.

Məlumata görə, növbəti mərhələdə daha 14 yük lokomotivinin alınması ilə bağlı danışıqlar aparılır.