Sentyabrın 15-də Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 605 min 81 nəfərə çatıb.
“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, bu göstərici avqust ayında qeydə alınan ən yüksək gündəlik sərnişindaşıma göstəricisini 9,3 faiz üstələyib. Belə ki, ötən ay metropolitendə ən çox sərnişin avqustun pik günündə qeydə alınıb və həmin gün 548 min 751 nəfər metro xidmətlərindən istifadə edib.
Sentyabrın 15-də qeydə alınan yüksək göstərici yeni tədris ilinin başlaması ilə şəhərdə ictimai nəqliyyata tələbatın artdığını da nümayiş etdirib. Xüsusilə tədris ilinin ilk günündə metrodan istifadə edənlərin sayının yüksəlməsi Bakı sakinlərinin gündəlik gediş-gəlişdə metropolitenə üstünlük verdiyini göstərib.
Metropolitendə sərnişin sayının artması paytaxtda nəqliyyat yükünün yüksəldiyi günlərdə metro sisteminin şəhərdaxili daşımada mühüm rol oynadığını bir daha ortaya qoyub.