Dubay Polisi lüks avtomobillərdən ibarət ekzotik avtoparkına daha bir superkar əlavə edib. Qurum “Mansory” tüninq atelyesi tərəfindən xüsusi olaraq təkmilləşdirilmiş “Ferrari 812 Superfast” modelini təhvil alıb.
Yeni avtomobil əsasən Dubayın turistlərin sıx olduğu məkanlarında patrul xidməti üçün istifadə olunacaq. Superkarın Burc Xəlifə, Şeyx Məhəmməd bin Rəşid bulvarı və JBR sahilboyu ərazidə xidmət aparacağı bildirilir. Dubay Polisi belə avtomobillərdən təkcə patrul məqsədilə deyil, həm də əmirliyin turizm imicinin təşviqində istifadə edir.
“Mansory” tərəfindən yenilənən “Ferrari 812 Superfast” 6,5 litrlik atmosfer V12 mühərrikə malikdir. Tüninqdən sonra mühərrikin gücü 800 at gücünə çatdırılıb. Superkar 0-dan 100 km/saat sürətə 2,8 saniyəyə yığılır, maksimal sürəti isə 345 km/saat təşkil edir.
Avtomobilin xarici görünüşündə də əhəmiyyətli dəyişikliklər edilib. Tüninq paketinə yeni ön bamper və splitter, yan ətəklər, həmçinin iri arxa spoyler daxildir. Kuzov isə Dubay Polisinin xarakterik rəng və dizayn elementləri ilə tamamlanıb.
“Ferrari” 812 Superfast modelini 2017–2024-cü illərdə istehsal edib. Modelin istehsalı dayandırıldıqdan sonra şirkətin V12 mühərrikli flaqmanını “12Cilindri” əvəz edib.
“Mansory” bundan əvvəl də Dubay Polisi üçün xüsusi avtomobil hazırlayıb. Tüninq şirkəti qurumun avtoparkı üçün “Ferrari Purosangue” superkrossoverini də modifikasiya edib.
MONETAR.AZ