Azərbaycanda kimlər daha çox işləyir? - Sahələr arasında 20 saat fərq

Azərbaycanda kimlər daha çox işləyir? -

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı iqtisadi fəaliyyət sahələrindən asılı olaraq əhəmiyyətli dərəcədə fərqlənib. Ən yüksək göstərici turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində, ən aşağı göstərici isə digər sahələrdə xidmətlərin göstərilməsində qeydə alınıb.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, hesabat dövründə turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində bir işçi ay ərzində orta hesabla 154,9 saat işləyib.

Ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində bu göstərici 154,8 saat, tikintidə 153,7 saat, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində 151,4 saat olub.

Dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsində bir işçiyə orta hesabla 151 saat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində 150,4 saat, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində isə 150,2 saat düşüb.

Ən az işlənmiş iş saatı digər sahələrdə xidmətlərin göstərilməsi üzrə qeydə alınıb – 134,5 saat. Təhsil sahəsində bu göstərici 135,3 saat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində 139,5 saat təşkil edib.

Nəqliyyat və anbar təsərrüfatında bir işçinin orta aylıq işlədiyi vaxt 143,5 saat, informasiya və rabitə sahəsində 143,9 saat, daşınmaz əmlakla əlaqədar əməliyyatlarda 144,2 saat olub.

Peşə, elmi və texniki fəaliyyət sahəsində orta aylıq iş vaxtı 142,9 saat, inzibati və yardımçı xidmətlərdə 145,4 saat təşkil edib.

Beləliklə, ən yüksək və ən aşağı göstəricilər arasında fərq 20,4 saat olub. Bu isə müxtəlif iqtisadi fəaliyyət sahələrində çalışanların aylıq faktiki iş vaxtının bir-birindən əhəmiyyətli dərəcədə fərqləndiyini göstərir.