25 ildə adambaşına düşən ÜDM-i ən çox artan ölkələr 

25 ildə adambaşına düşən ÜDM-i

1990-2025-ci illərdə adambaşına düşən real ÜDM üzrə ən böyük artım Qayana, Çin və Ekvatorial Qvineyada qeydə alınıb. Qayanada bu göstərici 35 il ərzində 1549%, Çində 1404%, Ekvatorial Qvineyada isə 1128% artıb.

Monetar.az xəbər verir ki, Visual Capitalist Dünya Bankının məlumatları əsasında 1990-2025-ci illərdə ölkələr üzrə adambaşına düşən real ÜDM-in alıcılıq qabiliyyəti pariteti (PPP) ilə hesablanmış dəyişimini müqayisə edib.

Reytinqdə ilk sırada Qayana qərarlaşıb. Ölkədə adambaşına düşən real ÜDM 1990-cı ildə 5,1 min dollar olduğu halda, 2025-ci ildə 83,7 min dollara yüksəlib. Bu sürətli artım əsasən ölkənin son illərdə neft hasilatına başlaması ilə əlaqələndirilir.

İkinci yerdə Çin qərarlaşıb. Ölkədə adambaşına düşən real ÜDM 1,7 min dollardan 25,1 min dollara yüksələrək 1 404% artıb. İlk beşlikdə, həmçinin Bosniya və Herseqovina (777%), Myanma (563%) və Ekvatorial Qvineya (1 128%) yer alıb.

İlk 10-luqda Vyetnam (526%), Honduras (474%), Kabo-Verde (462%), Butan (391%) və Hindistan (369%) də yer alıb.

İrlandiyada adambaşına düşən real ÜDM 1990-2025-ci illərdə 29,5 min dollardan 131,3 min dollara yüksələrək 345% artıb. Cənubi Koreyada artım 287%, Polşada 266%, Panamada 266%, Ermənistanda isə 245% təşkil edib.

Dünya üzrə adambaşına düşən real ÜDM eyni dövrdə 11,3 min dollardan 21,9 min dollara yüksələrək 94% artıb.

ABŞ isə qlobal sıralamada 88-ci yerdə qərarlaşıb. Ölkədə adambaşına düşən real ÜDM 1990-2025-ci illərdə 73% artıb. Bu göstərici G7 ölkələri arasında ən yüksək artım olub. Böyük Britaniyada artım 61%, Almaniyada 48%, Kanada və Fransada 43%, Yaponiyada isə 34% təşkil edib.

Reytinqdə Asiya ölkələrinin xüsusi çəkisi diqqət çəkir. Çin, Vyetnam, Hindistan, Banqladeş və Cənubi Koreya 1990-cı ildən bəri adambaşına düşən real ÜDM-i ən sürətlə artan ölkələr sırasında yer alıb.