Azərbaycanda mal-qaranın sayı azalır

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2021–2025-ci illər ərzində Azərbaycanda iribuynuzlu mal-qaranın, inək və camışların, eləcə də qoyun və keçilərin sayında davamlı azalma qeydə alınıb.
2021-ci ilin yanvar ayında ölkədə iribuynuzlu mal-qaranın sayı 2 milyon 650 min başdan çox olduğu halda, 2025-ci ilin aprel ayında bu göstərici 2 milyon 456 min başa düşüb. Bu, təxminən 7,3 faiz azalma deməkdir. Oxşar dinamika inək və camışlar üzrə də müşahidə olunur – 2021-ci ildə 1 milyon 280 min baş olan heyvan sayı bu ilin eyni dövründə 1 milyon 220 min başa qədər enib.
Ən ciddi azalma isə qoyun və keçi təsərrüfatında baş verib. 2021-ci ilin əvvəlində 8 milyon 89 min baş olan bu heyvanların sayı 2025-ci ilin aprelinə qədər 1 milyon 170 min baş azalaraq 6 milyon 920 min başa düşüb. Bu, 14,5 faiz geriləmə deməkdir.
Mütəxəssislərin fikrincə, bu azalma bir sıra amillərlə – iqlim dəyişiklikləri, yem bazasının bahalaşması, kənd yerlərində əhalinin məşğulluq strukturunun dəyişməsi və dövlət dəstəyi mexanizmlərinin zəifliyi ilə əlaqədardır.
Azalan heyvan sayı nəticəsində ölkədə ət, süd və digər heyvandarlıq məhsullarının istehsalında da azalma riski artır. Bu isə daxili bazarda məhsul qıtlığı və qiymət artımı ilə nəticələnə bilər.
Mövcud vəziyyət heyvandarlıq sektorunda daha güclü dəstək mexanizmləri, subsidiyalar və güzəştli kreditlərin tətbiqini zəruri edir. Əks halda, yerli istehsal zəifləyə, ölkənin ərzaq təhlükəsizliyi risk altına düşə bilər.
MONETAR.AZ